Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və komandası iğtişaşlara səbəb olmaq və hakimiyyəti ittiham qarşısında qoymaq üçün bəzi müxalifətçilərin öldürülməsini planlaşdırmışdı.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili “İmedi” TV-nin efirində deyib.

Baş nazir Saakaşvilinin oktyabrın 3-də Tiflisdə planlaşdırılan genişmiqyaslı mitinqə qatılmağı, polisin təxribata təhrik edilməsini və bəzi müxalifətçilərin öldürülməsini hakimiyyətə bağlamağı planlaşdırdığını söyləyib:

“Bu, xüsusi xidmət orqanlarımızdan gələn məlumatdır. Onların planı belə idi: təxminən 10 min insan küçələrə çıxarılmalı, polis Saakaşvilini saxlamalı və bəlkə də ona qarşı hansısa vasitədən istifadə etməli idi və bu vaxt bir neçə müxalifət lideri yaranacaq qarışıqlıq içində öldürülməli idi. Bu, hakimiyyətin legitimliyinə son qoymaq üçün planlanan variant idi. Təxribat baş tutsaydı, hökumətin istefasını və erkən seçkilərin təyin edilməsini tələb edəcəkdilər”.

Baş nazirə görə, bu plan Vahid Milli Hərəkat daxilində öz təsdiqini tapmayıb, hərəkatın lideri Nika Meliya buna qarşı olub.

Qaribaşvili Saakaşvilinin “xəstə” və müalicəyə ehtiyacı olduğunu deyib:

“Hamı yaxın gələcəkdə eks-prezidentin Gürcüstana nə üçün və necə gəldiyini öyrənəcək. Bu adamın 9 illik prezident olması fəlakətdir. 18 ildir ölkəni silkələyir, bu adam sabitliyin pozulmasının daimi mənbəyidir. Şeytan bu adamın izindədir, bəlkə indi həbsxanada dincələcək”.