“İran həmişə öz bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, Ermənistana verdiyi dəstəyi görməzlikdən gəlmək olmaz”.

Bunu Teleqraf.com-a politoloq Ramiyə Məmmədova deyib.

Ekspert İranın yeni Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində səsləndirdiyi bir sıra fikirlərə münasibət bildirib:

“Rəisinin andiçmə mərasimi keçirildi. O, öz çıxışında “sülhsever siyasət” yürüdəcəyi görüntüsünü yaratdı. Bir sıra Yaxın Şərq ölkəsində “Tehran cəlladı” adlandırılan, 1980-ci illərdə bir çox siyasi məhbusun ölümündə günahlandırılan Rəisinin bu posta seçilməsi region dövlətlərində narahatlıq doğurur və birmənalı qarşılanmır. İranlı hüquqşünas Nərgiz Məhəmmədəli Avropa Birliyinin xarici siyasət qurumu rəhbərinin müavini Enrike Moraya məktub ünvanlayaraq, onun Rəisinin andiçmə mərasimində iştirakını qınayıb.

Nərgiz Məhəmmədəli məktubunda qeyd edib ki, onun burada iştirakı İrandakı repressiv hakimiyyətin ömrünün uzadılmasına xidmət etmək. Avropanın ali demokratiya dəyərlərindən bəhs etməsinə baxmayaraq, avtoritar və dini rejimin dəstəklənməsi və İranda günahsız insanların öldürülməsinə göz yummaq deməkdir.

Enrike Moranın İrana səfəri İsrail və bir sıra Avropa ölkələrində etiraz yaradıb. Amma bu etirazlara baxmayaraq, Rəisinin andiçmə mərasimində 73 ölkədən 115 rəsmi şəxs - 10 ölkənin hökumət başçısı, 20 parlament sədri, 11 xarici işlər naziri iştirak edib”.

Ramiyə Məmmədova bildirib ki, İranın 13-cü prezidenti öz çıxışında iki vacib məsələyə toxunub:

“Birincisi, onun iddiasına görə, İranın nüvə proqramı yalnız dinc məqsədlidir və ali dini rəhbərin fətvasına əsasən, nüvə silahları qadağandır və İranın müdafiə strategiyasında yeri yoxdur. Bu o deməkdir ki, İran nüvə proqramından geri çəkilməyəycək və heç bir dövlətə də “təhdid” yaratmayacaq. İran həm də bununla ABŞ-a da mesaj göndərdirir ki, sanksiyalara yenidən baxılsa, oturub yeni nüvə anlaşmasını müzakirə etmək olar.

İkincisi, Rəisi dedi ki, İranın xarici siyasətinin ən önəmli və əsas prioriteti qonşu ölkələrlə münasibətləri inkişaf etdirməkdir. O, qonşu ölkələrə münasibətdə balans siyasətinin yürüdüləcəyini bildirdi. Amma İranın ötən həftə İsrail şirkətinə məxsus tankerə hücumunu nəzərə alsaq, Rəisinin verdiyi vədə əməl edəcəyi bir qədər şübhəli görünür.

Təəssüf ki, biz də İranın yaxın qonşusu olaraq, ondan belə bir münasibət görmürük. İran həmişə öz bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, Ermənistana verdiyi dəstəyi görməzlikdən gəlmək olmaz. Bununla belə, Ermənistan və Nikol Paşinyan bu dəfə İrandan istədiyi mesajı ala bilmədi. Amma bu o demək deyil ki, İranın yeni prezidenti Qarabağ münaqişəsinin həllindən sonra bölgədə yaranmış yeni geosiyasi reallıqla barışacaq, bu belə olmayacaq. İran Qarabağ məsələsinə sözdə toxunmur, amma əməldə tamam başqa işlər görür”.