BAKI, 10 aprel. TELEQRAF
Beynəlxalq Muğam Mərkəzində Norveçdə yaşayan soydaşımız, Norveç Azərbaycanlıları Təşkilatının üzvü, Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin rəhbəri, bəstəkar və musiqiçi Arzu Rzayevanın “Arzuların melodiyası” adlı konserti keçirilib.
Bu barədə Teleqraf-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun və Oslo Azərbaycan Evinin dəstəyi ilə baş tutub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov milli-mədəni dəyərlərimizin və musiqimizin beynəlxalq səviyyədə tanıdılmasında Arzu Rzayeva kimi yaradıcı şəxslərin fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Milli musiqimizin, dilimizin və mədəni irsimizin qorunmasında diaspor nümayəndələrinin rolunu yüksək qiymətləndirib.
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu belə layihələrin Azərbaycan mədəniyyətinin təbliğində, gələcək nəsillərə ötürülməsində əvəzsiz olduğunu diqqətə çatdırıb.
Xalq artisti Fəxrəddin Manafov tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, soydaşımıza gələcək fəaliyyətində uğurlar arzulayıb.
Məşhur dirijor, Xalq artisti Ağaverdi Paşayev tələbəsi Arzu Rzayevanın uğuruna çox sevindiyini bildirib, bu cür konsertlərin davamlı təşkilinin vacibliyini söyləyib.
Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən, Əməkdar artist Sahib Paşazadə konsertin milli-mənəvi dəyərlərimizin qorunmasına böyük töhfə verdiyini dilə gətirib.
Konsertin aparıcısı, Əməkdar artist Dilarə Əliyeva isə Arzu Rzayevanın bəstələrində vətənə və torpağa sevginin xüsusi yer tutduğunu bildirib.
Bəstəkar Arzu Rzayeva konsertin ərsəyə gəlməsinə göstərilən dəyərli dəstəyə görə minnətdarlığını ifadə edib.
Konsertdə Azərbaycan musiqi ənənələrinə əsaslanan bəstələr böyük maraqla dinlənilib və gur alqışlarla qarşılanıb.