BAKI, 7 aprel. TELEQRAF

Lüksemburqda “Miqrasiyalar, mədəniyyətlər və vətəndaşlıq” adlı beynəlxalq festival keçirilib.

Teleqraf xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyin dəstəyi, Lüksemburq–Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə ölkəmiz ilk dəfə bu festivalda iştirak edib.

Azərbaycan stendi festival iştirakçılarının diqqət mərkəzində olub. Qonaqlar ölkəmizin zəngin mədəni irsinə, milli mətbəx nümunələrinə və əsrlər boyu formalaşan ənənələrinə böyük maraq göstəriblər. Soydaşlarımız festival boyu mədəni mübadilə və qarşılıqlı ünsiyyət üçün geniş imkanlardan səmərəli istifadə ediblər.

Lüksemburqun Xarici işlər və xarici ticarət naziri Xavier Bettel, eləcə də Ailə işləri, həmrəylik, birgəyaşayış və qaçqınların qəbulu üzrə nazir Max Hahn Azərbaycan stendindəki mədəniyyət nümunələri ilə yaxından tanış olublar.

Azərbaycanın bu nüfuzlu beynəlxalq platformada iştirakı ölkəmizin mədəniyyətinin Lüksemburqda daha geniş tanıdılmasına, müxtəlif icmalar arasında mədəni dialoqun gücləndirilməsinə və qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verib.