BAKI, 12 avqust. TELEQRAF
“Naxçıvanın inkişafını yalnız ölkədaxili proseslər və ya regional siyasət çərçivəsində qiymətləndirmək kifayət deyil. Azərbaycanın bu qədim və strateji diyarı yerləşdiyi coğrafi mövqeyə, tarixi əhəmiyyətinə və regional əlaqələr baxımından malik olduğu imkanlara görə həm geosiyasi, həm də geoiqtisadi baxımdan xüsusi önəm daşıyır. Bu səbəbdən Cənubi Qafqazda baş verən yeni proseslər Naxçıvanın gələcək rolunu da daha aktual məsələyə çevirir”.
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərini Teleqraf-a şərh edən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova belə deyib.
Ekspert bildirib ki, son illərdə Naxçıvanda həyata keçirilən genişmiqyaslı quruculuq və yenidənqurma layihələri regionun simasının dəyişməsinə və inkişaf dinamikasının sürətlənməsinə ciddi təsir göstərir:
“Şəhərlərin və yaşayış məntəqələrinin müasir standartlara uyğunlaşdırılması, nəqliyyat və yol infrastrukturunun yenilənməsi, abadlıq və quruculuq tədbirlərinin genişləndirilməsi Naxçıvanın yeni inkişaf mərhələsinə keçidini şərtləndirən əsas amillərdəndir.

Sosial sahənin inkişafı da bu prosesin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sosial siyasətə xüsusi diqqət yetirməsi fonunda Naxçıvanda sosial obyektlərin yenilənməsi, insanların yaşayış şəraitinin yaxşılaşdırılması və müasir sosial infrastrukturun formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu layihələr yalnız cari ehtiyacların qarşılanmasına deyil, regionun uzunmüddətli inkişafı üçün dayanıqlı əsasların yaradılmasına xidmət edir.
Naxçıvanın gələcək inkişafında turizm sektorunun da xüsusi rolu ola bilər. Qədim tarix, zəngin mədəni irs, tarixi-memarlıq nümunələri, təbii ehtiyatlar və fərqli coğrafi xüsusiyyətlər regiona müxtəlif turizm istiqamətlərinin inkişafı üçün geniş imkanlar verir. Bu potensialın daha effektiv şəkildə istifadəsi üçün müasir turizm infrastrukturu yaradılmalı, Naxçıvanın turizm imkanları daha geniş şəkildə tanıdılmalı və özəl sektorun bu sahəyə marağı artırılmalıdır”.
Şəbnəm Həsənova qeyd edib ki, turizmlə yanaşı, iqtisadi fəallığın ümumi səviyyəsinin yüksəldilməsi də vacibdir:
“Yeni müəssisələrin yaradılması, investisiyaların cəlb olunması və alternativ gəlir mənbələrinin formalaşdırılması Naxçıvanın iqtisadi dayanıqlığını gücləndirə bilər. Əsas məqsəd Naxçıvana yalnız uzun illər mövcud olmuş blokada şəraitinin yaratdığı məhdudiyyətlər prizmasından yanaşmamaq, regionu yeni iqtisadi imkanların formalaşdığı məkan kimi təqdim etməkdir.
Nəqliyyat əlaqələrinin genişlənməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Uzun müddət Azərbaycanın əsas hissəsi ilə birbaşa quru əlaqələrinin məhdud olması Naxçıvanın iqtisadi potensialının tam şəkildə reallaşdırılmasına maneələr yaradıb. İndi isə yaranan yeni imkanlar regionun nəqliyyat, logistika və ticarət potensialının daha geniş miqyasda istifadəsinə şərait yaradır.
Naxçıvanın Azərbaycan, Türkiyə və İran arasında yerləşməsi onun regional iqtisadi əlaqələr sistemindəki əhəmiyyətini daha da artırır. Bu coğrafi üstünlük gələcəkdə Naxçıvanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsinə imkan verə bilər. Burada söhbət yalnız tranzit daşımalarından deyil, eyni zamanda ticarət, logistika, yük terminalı, anbar, çeşidləmə və digər xidmət sahələrinin inkişafından gedir”.
Politoloq əlavə edib ki, TRIPP çərçivəsində Naxçıvan istiqamətində nəzərdə tutulan kommunikasitaların reallaşdırılması bu prosesin mühüm elementlərindən biri ola bilər:
“Azərbaycanın kommunikasiya xətlərinin bərpasına və yeni nəqliyyat imkanlarının yaradılmasına verdiyi önəm Naxçıvanın regional iqtisadi sistemdə daha fəal rol almasına şərait yaradır. Cənubi Qafqazda uzun müddət fəaliyyət göstərməyən nəqliyyat kommunikasiyalarının bərpası yalnız yeni yolların və dəmir yolu xətlərinin istifadəyə verilməsi demək deyil. Bu, həm də yeni iqtisadi əlaqələrin, ticarət imkanlarının və biznes marşrutlarının yaranması deməkdir.
Naxçıvanın tranzit imkanlarının genişlənməsi Azərbaycanın regional iqtisadi proseslərdəki rolunu da gücləndirə bilər. Əgər regionun mövcud potensialından tam istifadə olunarsa, Naxçıvan sadəcə yüklərin keçdiyi ərazi deyil, onların qəbul edildiyi, saxlanıldığı, çeşidləndiyi və müxtəlif istiqamətlərə yönləndirildiyi mühüm logistika məkanına çevrilə bilər. Bu isə əlavə iqtisadi dəyərin yaradılması və yeni məşğulluq imkanlarının formalaşması baxımından əhəmiyyətlidir.
Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə əlaqələrinin gücləndirilməsi isə daha geniş geoiqtisadi perspektivlər yaradır. Bu proses Azərbaycanın Avrasiya nəqliyyat xəritəsində mövqeyinin möhkəmləndirilməsi və ölkənin regional tranzit imkanlarının artırılması baxımından mühüm nəticələr verə bilər.
Bu gün Naxçıvanda baş verən prosesləri sadəcə infrastrukturun yenilənməsi kimi qiymətləndirmək düzgün olmaz. Əslində, daha böyük dəyişiklikdən söhbət gedir: Naxçıvanın regional sistemdəki funksiyası və iqtisadi rolu yenidən formalaşır. Bu baxımdan Naxçıvanın inkişafı yalnız Muxtar Respublikanın deyil, bütövlükdə regionun inkişaf modelində yeni mərhələnin əsasını qoyur”.
Həsənovanın sözlərinə görə, Naxçıvanın qarşısında yeni imkanlar yaranır:
“Bu imkanların düzgün qiymətləndirilməsi və sistemli şəkildə reallaşdırılması regionun iqtisadi potensialını daha da artırmaqla yanaşı, Azərbaycanın regional və qlobal geoiqtisadi mövqelərini də gücləndirə bilər. Deməli, Naxçıvanın yeni inkişaf mərhələsi Azərbaycanın daha geniş regional strategiyasının mühüm tərkib hissəsidir”.