BAKI, 20 dekabr. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Monteneqronun ölkəmizdə səfərdə olan Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç arasında görüş keçirilib.
Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir Ceyhun Bayramov və nazir Ervin İbrahimoviç arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Geniştərkibli görüş zamanı Azərbaycan-Monteneqro münasibətlərinin siyasi, iqtisadi, humanitar, turizm, parlamentlərarası əlaqələr və çoxtərəfli beynəlxalq əməkdaşlıq istiqamətləri üzrə mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətraflı müzakirə olunub.
Tərəflər iki ölkə arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətləri müsbət qiymətləndirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, Monteneqro Prezidenti Yakov Milatoviçin 2024-cü ildə ölkəmizdə səfərinin, o cümlədən Monteneqro xarici işlər nazirinin cari səfərinin siyasi dialoqun davamlılığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıblar.
Xarici işlər nazirlikləri arasında siyasi və konsulluq məsləhətləşmələri, mövcud ikitərəfli hüquqi baza, habelə qanunverici orqanlar arasında əməkdaşlıq üzrə dostluq qrupları kimi mexanizmlərin münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub.
İqtisadi əməkdaşlıq məsələlərinə toxunularaq, ikitərəfli ticarət dövriyyəsinin artırılması məqsədilə investisiyaların təşviqi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı faydalı sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Tərəflər Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın imkanlarından maksimum dərəcədə istifadə olunmasının əhəmiyyətini qeyd ediblər.
Humanitar sahədə əməkdaşlıq, o cümlədən turizm, mədəniyyət və təhsil sahələrində əlaqələrin ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi olduğuna dair razılıq ifadə olunub.
Görüş zamanı tərəflər BMT, ATƏT və digər beynəlxalq platformalar çərçivəsində qarşılıqlı etimada əsaslanan əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
Regional məsələlər kontekstində Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və əldə olunan irəliləyişlər müzakirə edilib. Dayanıqlı sülhün təmin olunması üçün Ermənistanın konstitusiyası səviyyəsində Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının zəruriliyi Nazir Ceyhun Bayramov tərəfindən bir daha vurğulanıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra, nazirlər tərəfindən “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Monteneqronun Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” ünvanlanıb.
Görüşlərdən sonra birgə mətbuat konfransı keçirilib, nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
***
12:35
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ölkəmizdə səfərdə olan monteneqrolu həmkarı Ervin İbrahimoviç arasında təkbətək görüş başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşılıb.
Qeyd olunub ki, daha sonra tərəflər arasında geniş tərkibli görüş də keçirilib.
Nazirlər Azərbaycan–Monteneqro münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyəti nəzərdən keçiriblər.
Monteneqro Prezidenti Yakov Milatoviçin də daxil olduğu yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli siyasi dialoqun davamlılığının təmin olunmasında mühüm rol oynadığı vurğulanıb.
Ticarət əlaqələrinin genişləndirilməsinin, investisiyaların təşviqinin, biznes dairələri arasında təmasların gücləndirilməsinin və birgə layihələrin irəlilədilməsinin vacibliyi qeyd edilib.
Tərəflər İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın imkanlarından səmərəli istifadənin önəmini vurğulayıblar.
Humanitar əməkdaşlıq, o cümlədən turizm, mədəniyyət və təhsil sahələrində əlaqələrin ikitərəfli münasibətlərin ayrılmaz tərkib hissəsi olduğu bildirilib. Bu sahələrdə mübadilələrin genişləndirilməsi məmnunluqla qarşılanıb.
Nazirlər həmçinin BMT, ATƏT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığı müzakirə edərək, qarşılıqlı etimad əsasında birgə fəaliyyətə sadiqliklərini təsdiqləyiblər.
Görüşdə regional məsələlərə də toxunulub. Ceyhun Bayramov həmkarını Azərbaycanla Ermənistan arasında normallaşma və davamlı sülhün bərqərar olunması istiqamətində görülən işlər barədə məlumatlandırıb.
***
12:07
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan monteneqrolu həmkarı Ervin İbrahimoviçi qarşılayıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Məlumata görə, tərəflər arasında təkbətək görüş başlayıb.