MİNGƏÇEVİR, 24 dekabr. TELEQRAF

Fiziki məhdudiyyətli lal-karların çoxsaylı problemlərinin həlli üçün təcrübəli jest dili tərcüməçilərinə ehtiyac var. Ədliyyə Nazirliyində bu işləri rəsmi səviyyədə həlli ilə məşğul olan cəmi 6 surdoloq mütəxəssis qeydiyyatdan keçib.

Bu sözləri Teleqraf-ın Mərkəzi Aran bürosuna Azərbayacan Lal-karlar Cəmiyyəti Mingəçevir Rayonlararası Təşkilatının rəhbəri, surdoloq Elman Abbasov söyləyib.

Onun sözlərinə görə, jest dili tərcüməçilərinin azlığı fərqli coğrafiyalarda yaşayan lal-karların həyatını çətinləşdirir: "Birinin təhsil, birinin sağlamlıq problemi, digərinin istintaq-məhkəmə prosedurları və yaxud rəsmi nikah mərasimləri var. Peşəkar və rəsmi surdoloqun iştirakı olmadan qeyd etdiyim və mövcud olan digər məsələlərin çözülməsi mümkün deyil. Bu səbəbdən gah istintaqda mübahisəli və cinayət xarakterli məsələlərin gedişatında iştirak edirik, yaxud məhkəmədə hüquqlarının qorunmasına qatılırıq, gah da nikah mərasimində həlledici tərəflərindən birinə çevrilirik.

Mingəçevir, Gəncə, Balakən, Bərdə bölgələrinə, bəzən daha uzaq ünvanlara çağrılırıq. Hüquq-mühafizə orqanları bu sahəyə aid işlərdə fəaliyyətimizə dəstək nümayiş etdirir. Asan Xidmət Mərkəzində gerçəkləşdirilən proseslərdə isə bizim mütəxəssis dəstəyimizə lal-karlar özlərinin maddi imkanları ilə şərait yaradırlar".

Elman Abbasovun sözlərinə görə, lal-karların əksəriyyəti dövlət qayğısı sayəsində özləri və övladları təhsil alır. Onlarla jest-mimika dili ilə ünsiyyət qurub işlərinə dəstək olmaq surdoloq üçün adi vərdişə çevrilib. Amma elə fiziki qüsurlular da var ki, lal-kar olmaqla yanaşı, həm də kordur.

Çoxlarının təəccübünə rəğmən, surdoloqlar üçqat əlillərlə də uğurlu jest-mimika ünsiyyəti qura bilirlər: "Bu və digər məqamları nəzərə alaraq peşəkar surdoloqların sayının artırılmasına ehtiyac var. Məsələn, təkcə Mingəçevirdə uşaqlı-böyüklü 350-dən çox lal-kar yaşayır. Elə ailələr var, ata-ana daxil, övladları da eyni qüsurludur. Yaxud əksinə, valideynlər əlildir, övladları isə eşidir və danışır.

Bakıda 1 və 3 saylı internat məktəblərində lal-kar uşaqlara yüksək səviyyədə təhsil verilir. Düzdür, bəzi valideynlər övladlarının bölgələrdən paytaxta getməsinə razı olmur və həmin uşaq təhsildən yayınır. Amma əksəriyyət oxuyub təhsil alır".

Elman Abbasov bu kateqoriyadan olan insanların ailə qurmasına da kömək etdiklərini deyir. Onun sözlərinə görə, bəzən rəhbərlik etdiyi təşkilata gələn subay oğlan və qızlar, yaxud valideynlər potensial namizəd axtarırlar. Onlara Mingəçevirdə və ya digər bölgələrdə yaşayan uyğun namizədlər barədə məlumat verilir, tanış edilir, hətta elçi düşür və toylarına da qatılırlar:

"Nadir hallarda lal-karlarla nitq və eşitmə qabiliyyəti olanlar ailə qurur, belə evliliklər də olur. Bu kateqoriyadan olanlar arasında kifayət qədər vətənpərvər, zəhmətkeş, mehriban insanlar var. Amma nə danım, aralarında zorakılığa meyl edən, firıldaqçı və digər cinayətkar ünsürlər də yox deyil. İstedadlı və zəhmətkeşlər isə daha çoxdur".

Elman Abbasovun müşayiəti ilə lal-karlığına rəğmən zəhmətilə ömür sürən şəxslərin çalışdığı ünvanlara da baş çəkdik.

Vasif Şəfiyev 20 ildir şəhərin mərkəzi hissəsində bərbər işləyir. Kifayət qədər müştərisi var. Elman Abbasovun dil-mimika jesti ilə Vasifdən müştərilərlərlə hansı çətinliklər yaşadığını soruşduq. Dedi ki, hər hansı problemlə qarşılaşmır. Artıq müştərilərin zövqünü və istəyini əzbər bilir. Yeni və yad biri gələndə isə işarələrlə anlaşırlar.

Baş vurduğumuz digər bir ünvan illərdir mebel təmiri ilə məşğul olan İrman Məmmədovun sexi oldu.

Ona da oxşar sualla müraciət etdik. İrman da müştərilərlə çox asan dil tapdığını anlatdı. Bəzən yazı vasitəsilə ünsiyyət qururlar. Üstəlik İrman Məmmədov adi sexlərlə müqayisədə müştərilərə daha ucuz xidmət göstərdiklərini iddia edir. Çalışır ki, təklif müştərinin cibinə uyğun olsun və onlar başqa ünvana üz tutmasınlar.

Qeyd edək ki, İrman boks üzrə tanınmış mütəxəssis, respublikanın əməkdar məşqçisi Rəşid Məmmədovun oğludur.

Nəzakət İmaməliyeva isə özü kimi qardaşının da lal-kar olduğunu söyləyir. O, illərdir müxtəlif ünvanlarda təmizlik işləri görməklə güzəranını təmin edir. Ətrafındakı insanlardan razıdır.

Bölgədə fiziki qüsurlu insanların ən yaxın sirdaşına çevrilmiş Elman Abbasov lal-karlar arasında çox istedadı ədəbiyyat həvəskarlarının olduğunu deyir. Qalib Bəhrəmoğlu məhz belələrindəndir: "O, həvəskar şairdir, gözəl şerlər müəllifidir. Məclislərdə ümumi ünsiyyət jarqonumuzla şerləri ifa edir və alqışlar qazanır".

Yeri düşmüşkən, təcrübəli mütəxəssis Elman Abbasov bir neçə il öncə dünyada hər kəsi heyran edən bir ilkə imza atıb. Üzeyir Hacıbəyli adına Mingəçevir Musiqi Məktəbinin təşəbbüs və təşkilatçılığı ilə "Sarı gəlin" mahnısını jest-mimika dili ilə ifa edib və Azərbaycan musiqisinin ecazkarlığını lal-karlar dünyasına çatdırıb...