BAKI, 28 iyul. TELEQRAF
“Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası” təsdiqlənib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə tapşırılıb ki, texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirilməsini təsdiq edən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri barədə məlumatların daxil olduğu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) inteqrasiyasını və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin etsin.
Dövlət Gömrük Komitəsinə isə tapşırılıb ki, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara dair müvafiq məlumatların daxil olduğu Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinə inteqrasiyasını, ötürülməsini və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin olunsun.