BAKI, 11 iyul. TELEQRAF

Sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydası təsdiq edilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, qayda “Sosial xidmət haqqında” qanununun 28.2-ci maddəsinə əsasən hazırlanmışdır və sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edəcək.

Nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Monitorinq qrupu yaradılır və həmin Monitorinq qrupu ictimai əsaslarla fəaliyyət göstərir.

Monitorinq qrupunun tərkibinə Nazirliyin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Bakı Şəhəri İcra Hakimiyyətinin nümayəndələri daxil edilir.

Monitorinq qrupunun tərkibinə Monitorinq qrupu üzvlərinin təklifi ilə bələdiyyələrin və nizamnamələrinə əsasən sosial xidmət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər daxil edilə bilər.

İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatının və regional mərkəzlərinin nümayəndələri Monitorinq qrupunun fəaliyyətində iştirak edə, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.3-1-ci və 13-3-cü maddələri ilə müəyyən edilmiş, müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi ilə bağlı zəruri məlumatları ala bilər.