BAKI, 13 may. TELEQRAF

“İşçilərin əmək kitabçasının forması və onun doldurulması Qaydaları” təsdiq edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bundan başqa, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarının ləğv edilib.

Əmək kitabçası 10 sm x 14 sm ölçüdə, üz qabığı yaşıl rəngdədir. Əmək kitabçası 3 bölmədən ibarətdir. 1-ci bölmə üz qabığı, 2-ci bölmə titul vərəqi, 3-cü bölmə iş haqqında məlumatdır.

Əmək kitabçalarının qaydalara uyğun formada hazırlanması və işəgötürənlərə verilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

Belə ki, əmək kitabçası işəgötürən tərəfindən 5 (beş) gündən artıq işləyən bütün işçilər üçün açılır.

Əmək müqaviləsi bağlanılarkən işçi şəxsiyyətini təsdiq edən sənədi və əmək kitabçasını təqdim edir. Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.

Əmək kitabçasında işə qəbul və başqa daimi işə keçirilmə barəsində bütün qeydlər işəgötürən tərəfindən müvafiq əmr (sərəncam, qərar) verildikdən 5 (beş) gündən gec olmamaq şərtilə əmək müqaviləsinə xitam verilmə haqqında isə işçinin əmək müqaviləsinə xitam verildiyi gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın, qərarın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır.

Əmək münasibətlərinə xitam verilən zaman müəyyən səbəblərə görə götürülməyən əmək kitabçaları işəgötürən tərəfindən 2 (iki) il müddətinə işdə olan işçilərin əmək kitabçalarından ayrı saxlanılır.