QAZAX, 17 aprel. TELEQRAF
Vətən müharibəsindən sonra Azərbaycanın siyasi və diplomatik uğurları yalnız silahla deyil, ağıllı və strateji addımlarla da davam etdi. Bu uğurlardan biri də Qazax rayonunun Ermənistan tərəfindən işğal olunmuş 7 kəndindən 4-nün heç bir güllə atılmadan, qan tökülmədən geri qaytarılması oldu. Bu hadisə təkcə ərazi bütövlüyümüzün deyil, həm də dövlətimizin gücünün və xalqımızın birliyinin göstəricisi idi.
Teleqraf xatırladır ki, ötən il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının səkkizinci görüşdə razılaşma əldə olunaraq bu tarixi torpaqlar əsl sahiblərinə qaytarıldı. 2020-ci ilin sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayının 19-20-də aparılan antiterror əməliyyatı nəticəsində bu razılaşma gerçəyə çevrildi. Bu qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin, ordumuzun gücünün və xalqımızın ruh yüksəkliyinin bariz nümunəsi idi.

İşğaldan azad olunan kəndlərdən biri də Xeyrimlidir. 30 illik həsrətdən sonra kəndin sakinləri doğma yurdlarına baş çəkərək, həyəcan və kədər dolu hisslərini bölüşürlər. Lakin təəssüf ki, kəndin əvvəlki görkəmindən əsər-əlamət belə qalmayıb. 45 evdən ibarət olan bu kənddə bir divar belə salamat deyil. Düşmən tərəfindən kəndin bütün infrastrukturu dağıdılıb, izlər silinməyə çalışılıb. Yaşayış evləri texnikalarla yerlə yeksan olunub, ərazidə əkin işləri aparılıb.
Teleqraf-ın Qərb bürosunun əməkdaşı Xeyrimliyə baş çəkib, kənd sakini Zirəddin Yusibovla söhbətləşib. Onun evi İcevan-Noyanberyan yolunun kənarında yerləşirmiş. Z.Yusifov xatırlayır ki, 1990-1992-ci illərdə ermənilər evlərini dəfələrlə yandırıcı maddələrlə məhv etməyə çalışıblar. Kəndin igid gəncləri müdafiəyə qalxsalar da, silah-sursatın azlığı səbəbindən dirəniş uzun sürməyib. Nəhayət, 1992-ci ilin martında kənd tamamilə boşaldılıb. İllər sonra torpağına qovuşan Z.Yusibov sevincini belə ifadə edir:
“Mən buradan çıxanda 37 yaşım var idi. İndi 73 yaşım var. Bu 33 ildə çox ağrılar keçirmişəm. Bəlkə indi rahat yatım… Əlimdəki bu yolotunu da yoldaşım üçün yığmışam, evdə bişirəcək. Kəndimizdə bir şəhid verdik, amma onun qanı yerdə qalmadı. Bu günlərə min şükür. Allah Prezidentimizi var eləsin, Ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin!”
Kəndin başqa bir sakini Paşa Rəhimov isə duyğularını belə ifadə edir:

“İnanılmaz hisslər yaşayıram. Yaşadığım hissləri sözlə təsvir edə bilmirəm. Özümə söz vermişdim ki, rəhmətə gedən atamın, anamın məzarı üstünə bu kəndin torpağından aparıb səpəcəyəm. Şükürlər olsun ki, bu arzuma çatdım”.
Xeyrimli kəndinin sakinləri səbirsizliklə kəndlərinə köçəcəkləri günü gözləyirlər. Cənubdan Kirənç çayı, şimaldan isə Coğaz çayı ilə əhatələnən kənd gözəl təbiəti və turizm potensialı ilə yeni bir həyatın astanasındadır.