BAKI, 19 avqust. TELEQRAF
Seçkilər bu gün keçirilsəydi, İsrail Baş naziri Benyamin Netanyahunun “Likud” Partiyası 120 yerlik Knessetdə 23 mandat qazana bilərdi, pnun rəqibi Qadi Ayzenkotun “Yaşar” Partiyası isə bundan bir mandat çox əldə edə bilərdi.
Teleqraf xəbər verir ki, bu nəticələr İsrailin KAN dövlət televiziyasının dərc etdiyi “Kantor” İnstitutunun keçirdiyi ictimai rəy sorğusunda əksini tapıb.
Sorğunun nəticələrinə görə, üçüncü yeri keçmiş baş nazir Naftali Bennettin partiyası tutub. Bu partiya 14 mandat qazana bilərdi. Yair Qolanın “Demokratlar” Partiyası seçkilər bu gün keçirilsəydi, 10 mandat əldə edərdi. Onun ardınca keçmiş müdafiə naziri Aviqdor Libermanın “Bizim Ev - İsrail” Partiyası və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin rəhbərlik etdiyi “Yəhudi Gücü” Partiyası gəlir. Onların hər biri 9 mandat qazana bilərdi ki, bu da hazırkı göstəricidən bir yer azdır. Ultra-dindar “Birləşmiş Tövrat Yəhudiliyi” Partiyası da 9 mandat, digər dini “Şas” Partiyası isə 7 mandat əldə edə bilərdi.
Dəyişikliklərə baxmayaraq, parlamentdə siyasi bloklar üzrə mandatların bölgüsü əvvəlki seçkilərlə müqayisədə dəyişməz qalır. Hazırkı hakim koalisiya 52, müxalifət bloku isə 57 mandat qazana bilərdi. Ərəb partiyaları mövqelərini qoruyub saxlayaraq, Knessetdə 11 yer əldə edərdilər.
Sorğu avqustun 18-də keçirilib, 2327 nəfər iştirak edib.
İsraildə növbədənkənar parlament seçkiləri oktyabrın 27-də keçiriləcək.