BAKI, 13 mart. TELEQRAF

Tərtər Rayon İcra Hakimiyyəti başçısının kənd sakinləri ilə görüşündə insident baş verib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Tərtər rayonu Yuxarı Sarıcalı kəndində olub.

Rayon İcra Hakimiyyəti başçısı Məmmədov Müstəqim Səyyad oğlunun kənd sakinləri ilə görüş zamanı 1985-ci il təvəllüdlü sakin tədbiri pozaraq ona müdaxilə edib. O, tədbirin gedişatına maneə törətməklə ictimai qaydanı pozub.

Bu hərəkətlərinə görə o, polis əməkdaşları tərəfindən saxlanılaraq Tərtər rayon polis şöbəsinə gətirilib, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ittiham elan edilib.

Tərtər Rayon Məhkəməsinin qərarı ilə kənd sakini 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Tərtər Rayon İcra Hakimiyyətindən Teleqraf-a bildirilib ki, Süleymanov Faiq İbrahim oğlunun barəsində dəfələrlə polisin qanuni tələbinə qəsdən tabe olmadığına və xuliqanlıq əməllərinə görə İnzibati Xətalar Məcəlləsinin 535-ci və 510-cu maddələri ilə inzibati qaydada həbs tənbeh tədbiri görülüb.

Qeyd olunub ki, Süleymanovun həbs edilməsinin Tərtər Rayon İcra Hakimiyyəti başçısı ilə heç bir əlaqəsi yoxdur.