BAKI, 29 iyun. TELEQRAF

Konstitusiyamız azadlıq uğrunda mübarizənin mənəvi təməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ukrayna Konstitusiya Günü münasibətilə müəllif yazısında bildirib.

Yuri Qusev vurğulayıb ki, 30 il əvvəl qəbul edilən Əsas Qanun azadlıq, ləyaqət, demokratiya və ərazi bütövlüyü kimi dəyərləri təsbit edib:

"Bu prinsiplər bu gün cəbhədə hərbçilərimiz, beynəlxalq arenada diplomatlarımız və milyonlarla vətəndaşımız tərəfindən qorunur. Putin ( Rusiya Prezidenti-red.) rejimi müstəqil Ukrayna ideyasını məhv etməyə çalışsa da, Kreml strateji məqsədlərinə nail ola bilməyib".

Diplomat sülhün yalnız beynəlxalq hüquqa və suverenliyə hörmət əsasında mümkün olduğunu diqqətə çatdırıb:

"Müstəqilliyimiz və suverenliyimiz hesabına heç bir kompromisə gedilməyəcək. Bu, bizim üçün qırmızı xətdir".

Y. Qusev Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə verdiyi dəyişməz dəstəyi xüsusi qeyd edib:

"Azərbaycanın göstərdiyi humanitar yardımı və beynəlxalq hüququn prinsiplərinə sadiq mövqeyini yüksək qiymətləndiririk. Qarşılıqlı hörmətə əsaslanan bu həmrəylik strateji tərəfdaşlığımızın təməlidir".

Sonda səfir Ukrayna Konstitusiyasının bu ağır sınaqdan uğurla çıxacağına və azadlığı seçən xalqın öz seçimindən imtina etməyəcəyinə əminliyini ifadə edib.