BAKI, 28 may. TELEQRAF
Avropa İttifaqı (Aİ) Qara dəniz regionunda sülh və sabitliyi möhkəmləndirmək, həmçinin region ölkələri ilə əməkdaşlığı gücləndirmək məqsədilə yeni strategiya təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Yeni strategiya çərçivəsində Aİ Ukrayna, Moldova, Gürcüstan, Türkiyə, Ermənistan və Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır. Aİ bu ölkələrlə birgə enerji, nəqliyyat, ticarət və rəqəmsal sahələrdə əlaqələri gücləndirmək, infrastruktur layihələrinə sərmayə qoymaq və iqtisadi əməkdaşlığı artırmaq niyyətindədir.
Avropa Komissiyasının açıqlamasında bildirilir: “Bu ölkələrin bəziləri Avropa İttifaqına üzv olmaq və ya Aİ ilə daha sıx əlaqələr qurmaq yolunu seçiblər. Yeni strategiya həm Aİ, həm də Qara dəniz regionundakı tərəfdaş ölkələr üçün real faydalar gətirməyə yönəlib”.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, bu strategiya Aİ-nin Qara dənizdə daha fəal rol oynamasını nəzərdə tutur. O deyib: “Xüsusilə Rusiyanın Ukraynaya qarşı apardığı müharibə fonunda Aİ-nin bu regionda təhlükəsizlik və sülhü dəstəkləməsi çox vacibdir. Biz qonşularımızla sıx əməkdaşlıq edərək bölgədə sabitlik və rifah qurmaq istəyirik".
Yeni strategiya Qara dəniz regionunu daha təhlükəsiz, dayanıqlı və inkişaf etmiş bir məkana çevirmək məqsədi daşıyır. Aİ bununla həm də öz enerji təhlükəsizliyini gücləndirmək və regionda sabit tərəfdaşlıq əlaqələri qurmaq istəyir.