BAKI, 16 mart. TELEQRAF

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Teleqraf xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Əli Əhmədov, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.

***

14:24

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlir. Səfər çərçivəsində ölkə rəhbərliyi və parlament nümayəndələri ilə görüşlər planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Rusiya Federal Məclisi və Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq üzrə birgə parlament komissiyasının iclası keçiriləcək.

Komissiyanın iclasına Rusiya tərəfindən Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin, Azərbaycan tərəfindən isə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov rəhbərlik edəcək.

Rusiya nümayəndə heyətinin tərkibində Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin, müdafiə və təhlükəsizlik komitəsinin sədri Vladimir Bulavin, elm, təhsil və mədəniyyət komitəsinin birinci müavini İlyas Umahanov, sosial siyasət komitəsinin birinci müavini Janna Çefranova, iqtisadi siyasət komitəsinin birinci müavini İvan Abramov, həmçinin Dövlət Dumasının deputatları və Astraxan vilayətinin qubernatoru İqor Babuşkin yer alıb.