"Bu gün uşaq hüquqlarının qorunması üçün qanunvericilik bazası günü-gündən təkmilləşdirilir, milli fəaliyyət proqramları qəbul edilir. Ana və uşaqların sağlamlığının qorunması, insan alveri qurbanı olan uşaqların reabilitasiyası, uşaqların icbari dispanzerizasiyası istiqamətində qərarlar da bu qəbildəndir".
Teleqraf.com-un xəbərinə görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Uşaq Hüquqları üzrə Konvensiyanın qəbul olunmasının 26-cı ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
A.Sofyeva komitə tərəfindən aztəminatlı, sağlamlıq imkanı məhdud olan uşaqlar, eləcə də erkən nikah, məişət zorakılığı istiqamətində təhlillər aparıldığını bildirib:
“Bu gün dünyada gedən proseslərin fonunda milli-mənəvi dəyərlərin qorunub saxlanması ən vacib məsələdir. Çünki hazırda cəmiyyətin gələcəyini təhlükə altına qoymaq istəyən qüvvələr ilk növbədə ailə dəyərlərinə zərər vururlar”.
A.Sofiyeva uşaqların fəallığının artırılması üçün Komitə tərəfindən görülən işlərə də toxunub.
Ombudsman Aparatının əməkdaşı Faiq Ağayev uşaqların problemlərindən danışıb: “Bizi narahat edən əsas məsələ uşaqlara qarşı zorakılıq məsələsidir. Təəssüf ki, Azərbaycan ailələrində zorakılıq tərbiyənin bir növü kimi qəbul edilir. Lakin bu sonradan zorakı insanların cəmiyyətinə atılması deməkdir. Bu gün uşaq cəzaçəkmə müəssisəsində 30-dan çox uşaq var. Onların bu qədər olmasının səbəbi cəmiyyətin qüsurudur. Bundan başqa, uşaqların kommunikasiya vasitələrindən məlumatsız şəkildə istifadəsi məsələsi narahatlıq doğurur. Bu gün uşaqların kitabxana, kitablardan uzaq olmasının bir səbəbi də kommunikasiya vasitələrinin həyatımızda rolunun artmasıdır. Biz kompüteri öyrənib robot düzəldən uşaqlar istəyirik. Ancaq reallıqda bir çox uğaqları kompüterdən zərərli məlumatlar əldə edir”.
Ombusdman Aparatı rəsmisi hər il olduğu kimi bu il də oktyabrın 20-dən noyabrın 20-də olan müddəti uşaq aylığı elan etdiklərini bildirib. O, artıq müxtəlif qurumlar tərəfindən görülən işlərlə bağlı hesabatların müsbət olduğunu vurğulayıb: " Bu il ilk dəfə olaraq Milli Televiziya və Radio Şurası tərəfindən bütün televiziya kanallarının monitorinqi aparılıb. Bu ay ərzində telekanallar uşaqlarla bağlı məsələyə xüsusi diqqət ayırıb".
UNİCEF-in uşaq hüquqlarının monitorinqi üzrə mütəxəsisi Tamerlan Rəcəbov uşaq hüquqlarının monitorinqini apardıqlarını bildirib: “Bu gün uşaqlara qarşı zorakılığa ailədaxili məsələ kimi yanaşılır. Lakin Qərb yanaşmasında bu barədə məlumatı olan insanlar soSial işçilərə məlumat verir. Azərbaycanda da uşaq hüquqlarının sadə vətəndaşlar tərəfindən qorunması son dərəcə vacibdir”.
İlhamə