Əvvəllər bura çox yolum düşüb. Ona görə də hansı malın ucuz, hansının baha olduğunu təxminən bilirəm. Vaxtilə qiymətləri görüb bədgüman dayandığım da olub, üzümün güldüyü də. Söhbət Bakının ən məşhur ticarət mərkəzlərindən olan “28 Mall”-dan gedir...

“LC Waikiki”, “Romantik”, “New Yorker” və “New look”dakı ucuzluq

“LC Waikiki”dəyəm. Koftaların, şalvarların qiyməti 10 manatla 30 manat arasında dəyişir. Gözüm reklam lövhəcikləri arasındakı dolaşarkən orta yaşlı bir kişiyə sataşır. “Day-day” koftaları elə eşələyir, elə bil samanlıqda iynə axtarır. Axtarır-axtarır, amma tapa bilmir ki, bilmir. Yaxınlaşıb soruşuram:

- Yaman axtarırsınız, o qiymətli şeyin adı nədir elə?

- Dünən burda on manata bir kofta görmüşdüm. Ha eləyirəm, tapa bilmirəm.

- Deyəsən, kimsə sizdən tez tərpənib.
- Yox ey, o, həm keyfiyyətli, həm də ucuzdu.

Satıcı ona yaxınlaşır ki, mən də onunla sağollaşıb üz tuturam başqa mağazalara.

- Burada dəhşətli ucuzluq olmasa da, qiymətlər o birilərinə nisbətən yaxşıdır.
- Hə də, amma fikir verirsən, qiymət baha olduqca, paltarın keyfiyyəti də artır.
Bu “Romantik”in qarşısında durmuş iki xanımın söhbətidir.

Onların yanından keçib “Romantik”ə girirəm. Yadımdadır, burdan on manata şalvar almışdım. Rəngi tez solsa da, qiyməti ürəyimə yayılmışdı.
İndi də şirəyə gələn arı kimi istədim, bir dənə də şalvar alım. Amma cibimdə cəmi-cümlətanı iki manat pul var. Elə içərini gəzir, şəkillər çəkib üz tuturam o biri mağazalara.

Budur “New Yorker”in qarşısındayam. Burda da vəziyyət qənaətbəxşdir. Paltarın keyfiyyəti keyfiyyət, qiyməti də su qiymətinədir. Adam elə istəyir ki, alıb-doldursun torbasını. “Dayan görək bir”, - öz-özümə deyirəm.

Elə içərini dolaşırdım ki, nə görsəm yaxşıdır?! Bir əmioğlu bir ucdan alıb doldurur. Endirimdi deyə alan-alanındır. Amma gözaltı elədiyim qardaş əl çəkmir. Qiyməti də ucuzdu axı. Elə bu an gözüm bir “bazburutlu” qaqaşa sataşır. Gözünədöndüyüm yeni kolleksiyadan iki dənə şalvar alır. Babat da qiymətə. Beynimdə çər-çevir elədim. Əmioğluyla, qaqaş təxminən eyni məbləğ verdilər. Bir-iki şalvar götürür. O biri elə bil yığıb aparır dükanı.

Müşahidələrdən ayrılıb yan alıram o biri mağazaya – “New look” a. Burda da alan var, keyfiyyət var, qiymətlər də normaldır. Nəysə bir xeyli burda da gəzib-dolaşıb çıxıram çölə.

Narızı olmayan əliboş adamlar və 320 manata qadın ayaqqabısı...

Elə bil buranın havasındandır, nədəndir, bilmirəm, qiymətdən narazı görsənmək elə də asan məsələ deyil. Hərdən mənə elə gəlir ki, üzlərdəki dirənişlə, içərinin geniş, işıqlı, ab-havalı görünüşdən doğan qiymətlərdən razılıq əlaməti admları ümidli-ümidli əliboş dolandırır. Təbii ki, kaşloku əzməməkdən ötrü kartlarda pulları çin-çin olanlar da yox deyil.

Elə oturub dincimi alırdım ki, birdən şüşənin o tərəfində bir qadın ayaqqabısını gözüm alır. Keçirəm içəri. Ayyaqqabını qaldırıb altına baxıram. İçəri o qədər işıqlı idi ki, qiymət olan yer işıqdan elə bil bu dəqiqə alışıb-yanacaq, ayaqqabının altı par-par parıldıyır. Gözüm qiyməti bir təhər seçir: 320 manat.

Beləcə, burdan da çıxıb üz tuturam uşaq paltarları satılan mağazalara

Uşaq paltarları və parfum...

Uşaq paltarları olan yerə keçirəm. Burda danışanlar keyfiyyətdən və qiymətdən razılığını bildirirlər. Amma orta yaşlı bir xanım deyir ki, Türkiyə burdan qat-qat ucuzluqdu. Mən ordan - Malatyadan hələ doğulmamış nəvəm üçün də paltar almışdım.

Onlarla da sağollaşıb gəlib çıxıram Parfümeriyaya.
Xanımları görüb onlara yaxınlaşıram:
- Burda qiymətlər və keyfiyyət necədir?

Xanımlardan biri deyir ki, qiymətlər çox bahalıdır. Elə o sözünü bitirir ki, rəfiqəsi ona “sözünə qüvət” deyib dilə gəlir:

- Nurlana xanım düz deyir. Qiymətlər at belindədir. İndi vəziyyət elədir ki, başqa yerdən də ətir, başqa şeylər alanda baha satırlar. Deyirlər ki, get filan yerdə bu ətrin qiymətinə bax, gör neçəyə verirlər? Beləcə, süni şəkildə qiymət artımı olur.

Nurlana xanım sözə qayıdır:
- Mən “malekulu” xaricdən 80 dollara gətirdirəm. Amma burda həmin duxu 175 manata qədər qalxır. İndi biz istəyirdik ki, Gülşən xanıma ətir alaq, amma qiymətlər münasib deyil, ona görə də hələki qalır.

Xanımlarla sağollaşıb gəlirəm yeməkxanaya.

Yeməkxana və 28 sinema....

Yeməkxanada qiymətlər elədir ki, adama kino kimi gəlir. Elə oturub yeyəsim gəlmişdi ki, qiymətləri görüb doyuram. Bahalıqdır. İki manata kartof qurusu, falan... alıb mədəmi aldadıram.

Sonra “28 Sinema”ya qalxıram. Bu zaman tir atışı üçün buklet paylan bir xanım qarşıma çıxıb deyir:

- Tir atmaq istəyirsiz? Dəqiq vursanız, hədiyyələr də olacaq.

- Dedim ki, indiyə kimi o tüfənglə, tirlə hələ hədəfə vura bilməmişəm. Qoy qalsın.

Beləcə, 28 sinemadan da halı oluruq. Burda manitorlarda kinolar gedir ki, onlardan istədiyini seçib baxa bilərsən. Ətrafda tortla çay da içmək üçün yerlər var. Beləcə, burdan da reportajı yekunlaşdırıb ayrılırıq.

Sərvər Şirin