Quşçular Cəmiyyətinin sədri: “Quş ətinin xaricdən idxalına ehtiyac yoxdur”

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində köçəri quşların payız miqrasiyasını nəzərə alaraq noyabrın 2-dən növbəti monitorinqə başlayıb.

DBNX-nin Mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin verdiyi məlumata görə, monitorinq bu Dövlət Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır: “Əvvəlcə köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron Milli Parkında çöl quşlarından nümunələr götürüləcək. Sonra ardıcıllıqla Şabran, Şirvan, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə monitorinqlər keçiriləcək. Bundan əlavə, monitorinq müddətində quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır”.

Həkimsiz müalicə kütləvi qırğına səbəb olar

Yolçu Xanvəli dedi ki, ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürülən qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq. Nəticələr noyabrın 13-də ictimaiyyət üçün açıqlanacaq: “Dövlət Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalıdır. Çünki özbaşına müalicələr çox hallarda ev quşlarının kütləvi qırğınına səbəb olur. Bundan başqa, ev quşları, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır”.

Yolçu Xanvəli qeyd etdi ki, hazırda “quş qripi” xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

İran və Türkiyədə quş qripi təhlükəsi sovuşub?

Xidmət rəsmisinin sözlərinə görə, Azərbaycana Türkiyə və İrandan idxal edilən quş əti və yumurtanın idxalına görə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Xatırladaq ki, bu ilin mayında Dünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) Türkiyənin 12 bölgəsində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyi (H5N1) qeydə alınması barədə məlumat yaydı.

DBNX həmin bölgələrdən Azərbaycana quş əti və məhsulları idxalına qadağa qoydu. Ardınca iyun ayında İran ərazisində toyuqlar arasında yüksək patogenli quş qripinin yayılması ilə əlaqədar məlumat açıqlandı və rəsmi Azərbaycan İranın Mazandaran əyalətindən quş idxalını yasaqladı.

Yolçu Xanvəlinin sözlərinə görə, hər iki ölkədə təhlükə sovuşub və karantin aradan qaldırılıb. Statistikaya gəldikdə, Yolçu Xanvəli bildirdi ki, son 9 ayda ölkəyə 6 min 785 ton toyuq əti, 37 milyon 445 min 602 damazlıq yumurta, 288 ton toyuq əti sosiskası, 57 ton isə toyuq əti kolbasası idxal olunub.

Azərbaycana Türkiyə və İrandan başqa, Braziliyadan da quş əti və quş məhsulları idxal edilir ki, onlar arasında hinduşka əti də var.

Yerli istehsal 100 min tonu ötüb

Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin qəzetimizə verdiyi məlumata görə, Azərbaycanda broyler təsərrüfatında quş əti və quş məhsulları istehsalı yerli əhalinin tələbatını ödəməkdən əlavə, xaricdə də idxal oluna bilər. Onun sözlərinə görə, bu il 9 ay ərzində ölkədə 100 min tondan çox toyuq əti istehsal olunub: “Vaxt vardı Azərbaycana ildə 40 min tondan çox quş əti idxal edilirdi, hazırda yerli istehsal çox inkişaf etdiyinə görə idxal xeyli azalıb”.

Cəmiyyət sədri dedi ki, broyler təsərrüfatı qapalı təsərrüfat sistemi kimi fəaliyyət göstərdiyinə görə və mütəmadi həkim nəzarətində olduğu üçün quş qripinə yoluxması ehtimalı çox azdır: “İri broyler təsərrüfatlarında ilboyu ciddi rejim olur, bu səbəbdən, quş qripinə yoluxma hallarına təsadüf edilmir”.

Bakının Zirə kəndində hinduşka broyleri olub...

Azərbaycanda hinduşka istehsalı ilə məşğul olan broyler təsərrüfatı varmı?

Aydın Vəliyev dedi ki, bir neçə il öncə Bakının Zirə kəndində hinduşka broyler təsərrüfatı olub, lakin gəlir gətirmədiyinə görə bağlanıb: “Qapalı şəraitdə hinduşkanın çəkisi tez artır. Hinduşka əti alınmayıb anbarlarda qaldıqda emal sahəsi də yoxdur ki, kolbasa və digər istehsala buraxılsın. Ona görə əhali broyler hinduşkalarına deyil, ev şəraitində saxlanan hinduşkalara üstünlük verir.

Hinduşka əti daha çox qış aylarında alınaqlı olur deyə 6-7 ay qapalı şəraitdə saxlayıb, 5-6 ay satışa buraxmaq, əlverişli deyil. Bu səbəbdən də Zirədəki həmin hinduşka broyler təsərrüfatının fəaliyyəti qısa müddət çəkdi, gəlir gətirmədiyi üçün qapandı".

Azərbaycan Gürcüstana, İraqa toyuq və yumurta ixrac edib

Birlik sədri dedi ki, Azərbaycanda toyuq əti istehsalı məhsuldar və keyfiyyətli olduğuna görə, ölkəyə kənardan toyuq və toyuq əti idxal etməyə ehtiyac yoxdur: “Hətta bir neçə il öncə biz Gürcüstana, İraqa toyuq əti, yumurta ixrac edirdik. Amma hazırda bütün dünyada daha çox əhalinin tələbatı yerli broyler təsərrüfatları hesabına ödənir. Ümumiyyətlə, dünyada yeyinti məhsullarının ölkədaxili istehsalına üstünlük verilməsi tendensiyası gedir.

Prezidentimiz də çıxışlarında bir neçə dəfə bu məsələni vurğulayıb ki, Azərbaycanda ərzaq məhsulları yerli istehsal hesabına ödənsin. İndiki halda quş ətinin xaricdən idxalına ehtiyac yoxdur".

Aydın Vəliyev dedi ki, hazırda ölkədə daxili bazar yetərincə inkişaf etmədiyinə görə tonlarla toyuq əti anbarlarda qalır. Bu da sahibkarlıq fəaliyyətinin inkişafına əngəl yaradır: “Sahibkarlar var ki, broyler təsərrüfatını böyütmək məqsədilə bakdan kredit götürüb, məhsuldarlıq əldə edib, amma məhsulunu satmağa bazar yoxdur, alıcı azdır, o da qazanc götürə bilmir, əksinə ziyana düşür, bank kreditlərini ödəyə bilmir. Yumurta istehsalında da eləcə, məhsuldarlıq yüksəkdir, amma alıcı potensialı çox zəifdir”.

Məhsuldarlıq yüksək olduğu halda toyuq əti və yumurtasının qiymətlərində niyə endirim olmur?
Sualımıza Aydın Əliyev belə cavab verdi: “Bizdə ev quşlarının yem bazası çox zəifdir, yerli istehsal cəmi 20 faiz təşkil edir. Məhsuldarlığın bol olmasının qiymət endiriminə müsbət təsiri o halda ola bilər ki, quş yemi, yem əlavələri və preparatları xaricdən alınmasın. Hazırda sahibkarlarımız bunları xaricdən aldıqlarına görə istehsal baha başa gəlir”.

Sevil Hilalqızı