BAKI, 22 iyul. TELEQRAF

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsinin VI mövsümünün qalibləri müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu barədə “Yüksəliş” məlumat yayıb.

Bildirilib ki, final mərhələsində iştirak edən 129 namizəd arasından ən yüksək nəticə göstərən 20 iştirakçı qalib adını qazanıb.

"VI mövsümün ən gənc qalibinin 24, ən yaşlı qalibinin isə 38 yaşı var.

Üç gün davam edən final mərhələsində namizədlərin idarəetmə bacarıqları müxtəlif fərdi və komanda tapşırıqları əsasında qiymətləndirilib. Müsabiqənin yarımfinal mərhələsində iştirakçılar strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, eləcə də etika və dürüstlük olmaqla 9 səriştə üzrə ekspertlər tərəfindən dəyərləndirilib.

Final mərhələsində isə iştirakçıların fəaliyyəti ekspertlər tərəfindən “İdarəçi rollar modeli” əsasında qiymətləndirilib. Bütün mərhələləri uğurla tamamlayan və ən yüksək nəticə göstərən 20 iştirakçı VI “Yüksəliş” müsabiqəsinin qalibi olub.

Qalib adını qazanan iştirakçıların 15 nəfərini kişilər, 5 nəfərini isə qadınlar təşkil edir.

Yaş qrupları üzrə aparılan təhlilə əsasən, ən yüksək göstərici 21-30 yaş aralığında qeydə alınıb. Qaliblərdən 11 nəfəri 21-30, 9 nəfəri isə 31-40 yaş qrupuna daxildir.

İqtisadi rayonlar üzrə nəticələrə əsasən, ən yüksək göstərici Bakı şəhərində qeydə alınıb və qaliblərdən 9 nəfəri paytaxtı təmsil edir. Digər qaliblərdən 3 nəfəri Qazax-Tovuz, 2 nəfəri Qarabağ, hər biri 1 nəfər olmaqla Mil-Muğan, Lənkəran-Astara, Şirvan-Salyan, Şərqi Zəngəzur, Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonlarını təmsil edir.

Bakalavriat pilləsi üzrə qaliblər əsasən Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunlarıdır.

Magistratura pilləsi üzrə uğur qazanan iştirakçılar arasında Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, EU Business School Barcelona, Massachusetts Institute of Technology və Stockholm Universitetinin məzunları üstünlük təşkil edir.

Doktorantura və aspirantura səviyyəsi üzrə təhsil alan bir qalib isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

Bakalavriat səviyyəsi üzrə nəticələrə əsasən, qaliblərin hər biri ali təhsilini Azərbaycanda alıb. Belə ki, 20 qalibin hamısı bakalavriat təhsilini ölkə daxilində başa vurub.

Magistratura səviyyəsi üzrə göstəricilər də diqqət çəkir. Ümumilikdə 16 qalib magistratura təhsili alıb. Onlardan 10 nəfəri magistratura təhsilini Azərbaycanda, 5 nəfəri xarici ölkələrdə, 1 nəfəri isə həm Azərbaycanda, həm də xaricdə davam etdirib.

Doktorantura və aspirantura səviyyəsində təhsil alan 1 qalib təhsilini Azərbaycanda alıb.

Qaliblərin fəaliyyət göstərdikləri sektorlar üzrə bölgüsünə əsasən, iştirakçıların 50,00 faizi dövlət sektorunu, 45,45 faizi özəl sektoru, 4,55 faizi isə qeyri-hökumət təşkilatlarını təmsil edir", - məlumatda vurğulanıb.

Həmçinin bildirilib ki, yarımfinal və final mərhələlərinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün xüsusi təlim proqramı təşkil olunub. Yarımfinal mərhələsinə 103, final mərhələsinə isə 58 ekspert cəlb edilib.

"Təlimlər zamanı ekspertlər real imtahan mühitinə yaxınlaşdırılmış, simulyasiya olunmuş situasiyalar üzərində iştirakçıların bacarıqlarının qiymətləndirilməsi prosesinə hazırlanıblar. Onlara qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti, müşahidə prinsipləri və ekspertlərin funksiyaları barədə ətraflı məlumat verilib.

Xatırladaq ki, müsabiqədə qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı” - “Assessment Conference” metodu ilə həyata keçirilir.

Bu metod hər bir iştirakçının fəaliyyətinə çoxşaxəli yanaşmanı təmin edir, müxtəlif ekspertlərin müşahidə və qiymətləndirmələrinin ümumiləşdirilməsinə, yekun qərarların kollegial əsasda qəbul olunmasına imkan yaradır. “Assessment Conference” hazırda dünyada ən etibarlı qiymətləndirmə metodlarından biri hesab olunur.

VI “Yüksəliş” müsabiqəsinin qaliblərinin adlarını təqdim edirik:

Xasayev Faiq Əmir oğlu

Əliyev Hikmət Fazil oğlu

Lətifli Röyal Şahid oğlu

Mirzəyev Əlizamin Mehman oğlu

Məcidli Famil Sərdar oğlu
Mansurova Sevda Faiq qızı

Şahbazov Şirin Məhəmməd oğlu

Klıçev Klıç Ağarəhim oğlu

İbrahimov Elbrus Mirnəsib oğlu

Fərzəliyev Əlizadə Ərəstun oğlu

Bayramova Nəzakət Vüqar qızı

Məlikov Seyid Avtandil oğlu

Əlizamanlı Anar Mehman oğlu

Məmmədrzayev Elmar Ehtibar oğlu

Əliyev Elnur Ceyhun oğlu

Nadirov Fərid İlham oğlu

Abbasova Fidan Sahib qızı

Cəlilova Ləman Natiq qızı

Rzazadə Mətanət Şəhriyar qızı

Babayev Rüfət Müzəffər oğlu", - məlumatda vurğulanıb.

Qeyd edilib ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi almaq və özünüinkişaf məqsədilə 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.