BAKI, 25 iyun. TELEQRAF
Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniya cəmiyyət üçün ən ciddi sosial problemlərdən birinə çevrilib. Xüsusilə yeniyetmə və gənclər arasında narkotik maddələrə marağın artması narahatlıq doğuran əsas məsələlərdəndir. Açıqlanan statistikalar narkomaniya ilə mübarizə tədbirlərinin gücləndirilməsini, maarifləndirmə işlərinin genişləndirilməsini zəruri edir.
Maraqlıdır, ötən il və cari ildə ilk dəfə narkomaniya diaqnozu ilə qeydiyyata alınanaların sayı neçədir? Müvafiq qurumlar tərəfindən hansı tədbirlər görülür?
Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən Teleqraf-a verilən məlumata görə, ötən il narkoloji xidmət müəssisələrində ilk dəfə narkomaniya diaqnozu ilə qeydiyyata alınan şəxslərin sayı 2679 nəfər olub.
Bildirilib ki, onlardan 97-si qadındır.
Mindən çox qadın narkomaniya diaqnozu ilə dispanser qeydiyyatındadır
İlkin qeydiyyata alınanlar arasında 15-17 yaş qrupuna aid 6 nəfərin olduğu və onlardan ikisinin qadın olduğu deyilib:
“Ümumilikdə, 2025-ci ilin sonuna narkomaniya diaqnozu ilə dispanser qeydiyyatında olan şəxslərin sayı 42 624 nəfər təşkil edib. Onlardan 1093-ü qadındır.
2026-cı ilin yanvar-may aylarında isə ilk dəfə narkomaniya diaqnozu ilə qeydiyyata alınan şəxslərin sayı 818 nəfər olub. Onlardan 35-i qadındır”.
.jpg)
Mərkəzdən bildirilib ki, narkoloji xidmət tərəfindən risk qruplarının erkən aşkarlanması, müalicə və reabilitasiya tədbirləri davamlı olaraq həyata keçirilir.
“İlkin qeydiyyata alınan şəxslər barədə məlumatlar profilaktik tədbirlərin planlaşdırılması və müalicə xidmətlərinin təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, narkoloji xəstəliklərin profilaktikası, erkən aşkarlanması, müalicəsi və reabilitasiyası istiqamətində aidiyyəti tibb müəssisələri tərəfindən müvafiq tədbirlər davam etdirilir”, - məlumatda vurğulanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, narkomaniyanın profilaktikası və bu zərərli vərdişlərə qarşı mübarizə istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə sistemli tədbirlər həyata keçirilir.
Onun sözlərinə görə, bu fəaliyyətlər Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası çərçivəsində həyata keçirilir.
.jpg)
“Cari il ərzində Komitə tərəfindən gənclər, yeniyetmələr, valideynlər və ailələrlə maarifləndirmə işləri gücləndirilib, təhsil müəssisələrində, icma mərkəzlərində və regionlarda seminarlar, görüşlər, dəyirmi masalar və təlimlər təşkil olunub. Tədbirlər zamanı narkotik vasitələrin insan sağlamlığına, ailə münasibətlərinə və cəmiyyətin inkişafına vurduğu zərərlər barədə məlumat verilib, sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirici materiallar hazırlanaraq ictimaiyyətə çatdırılıb”, - o vurğulayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə deyilib ki, narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə ümumtəhsil məktəblərində mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir.
.jpg)
47 mindən çox şagird narkomaniya ilə bağlı tədbirlərə cəlb olunub
Məlumata görə, 2025-2026-cı tədris ilində "Zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizə", “Narkomaniyaya YOX!”, "Narkomaniya və zərərli vərdişlərə yox deyək", “Zərərli vərdişlər və onların həyatımıza təsiri” mövzularında ümumilikdə 1531 tədbir keçirilib:
“Həmin tədbirlərə 47 539 şagird cəlb olunub. Keçirilən tədbirlərin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələrin və digər zərərli vərdişlərin insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına vurduğu mənfi təsirlər barədə məlumatlılığın artırılmasıdır. Tədbirlər çərçivəsində şagirdlərlə maarifləndirici söhbətlər aparılıb, təqdimatlar nümayiş etdirilib, müzakirələr, dəyirmi masalar və sual-cavab sessiyaları təşkil edilib. Maarifləndirmə tədbirlərində iştirak edən şagirdlərə narkotik vasitələrin yaratdığı təhlükələr, asılılığın fəsadları, hüquqi məsuliyyət məsələləri, həmçinin zərərli vərdişlərdən uzaq durmağın və sağlam həyat tərzi seçməyin əhəmiyyəti izah edilib. Eyni zamanda, gənclərin asudə vaxtlarının səmərəli təşkili, idman və digər faydalı fəaliyyətlərə cəlb olunmasının zərərli vərdişlərin qarşısının alınmasında mühüm rol oynadığı diqqətə çatdırılıb”.