BAKI, 17 may. TELEQRAF
Paytaxtın qlobal müzakirələr platformasına çevrilməsi Azərbaycan üçün böyük şərəf və məsuliyyətdir.
Teleqraf xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə bildirib.
O qeyd edib ki, sürətli urbanizasiya təzyiqləri fonunda güclü beynəlxalq əməkdaşlığa və praktiki həllərə ehtiyac olduqca böyükdür:
“Mənzil təminatına təkcə tikinti kimi deyil, torpaqdan istifadə, hərəkətlilik, infrastruktur, yaşıl sahələr, iqtisadi məhsuldarlıq və sosial rifahla bağlı kompleks bir siyasət sahəsi kimi yanaşılmalıdır”.
O, müzakirələrin BMT-nin Nyu-Yorkdakı Baş Assambleyasına hazırlıq məqsədi daşıdığını və gələcək kollektiv hədəfləri formalaşdıracağını vurğulayıb.
A.Quliyev hesabatlardan daha çox real icranın vacibliyini xatırladaraq, mövcud platformanı güclü tərəfdaşlıq və konkret fəaliyyət üçün strateji imkan adlandırıb.