BAKI, 10 may. TELEQRAF
Ucqar kənd məktəblərinin birləşdirilmə məsələsi hər il təhlil olunur. Hazırda da təhlillər davam edir.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrulayev Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, burada da məqsəd ondan ibarətdir ki, sistem daha da rasionallaşsın, təhsilin keyfiyyəti artsın:
"Çox az sayda uşaq olan məktəblərə müəllim göndərməyin özü də problemdir. Hər iki istiqamətdə də müsbət nəticələr görürük. Bir istiqamət şagirdlərin nəqliyyat vasitəsilə daşınmasıdır. Burada məntiq sadədir. Şagird sayı az olan məktəblərin şagirdləri digər məktəblərə daşınaraq keyfiyyətli tədris ilə təmin olunur. Eyni zamanda onların sosial mühiti genişlənir. Bir yox beş dostu olmuş olur. Bunun isə uşaqların gələcəyinə müsbət təsiri var.
İkinci istiqamət isə distant təhsil model üzərində aparılan işdir. 6 kiçik məktəbdə şagirdlər yerlərini dəyişmədən virtual qaydada tədrisə cəlb olunub. Bu halda şagirdlər olduğu kənddə qalır, lakin müəllim digər kənd məktəbindən olur. Bu format da özünü doğruldur.
Təhsildə belə dəyişikliklərinin aparılması zaman alır. Vaxt lazımdır ki, daha da təkmilləşsin. İlkin nəticələrimiz müsbətdir".
O vurğulayıb ki, yay aylarında uşaq sayı az olan məktəblərin təhlili işləri davam etdiriləcək:
"Təbii ki, digər istiqamətdə Böyük Qayıdış çərçivəsində insanlar öz torpaqlarına qayıtdıqdan sonra məktəblər də həmin ərazilərə yönləndirilir. Zəngilanın, Cəbrayılın, Laçın və digər işğaldan azad olunmuş regionların məktəbləri yaxın illərdə öz yerlərinə qayıdacaq. Həmin məktəblər də çox böyük məktəblərdir.
Hazırda Şuşa məktəbi salınıb, fəaliyyətini uğurla davam etdirir. Məktəblərin rasionallaşdırılması davam etdirilir deyəndə bu tip işləri nəzərdə tuturuq".