BAKI, 8 may. TELEQRAF
Hazırda talassemiya diaqnozu ilə 3209 nəfər dispanser qeydiyyatındadır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, onlardan 1654 nəfəri kişi, 1555 nəfəri qadındır.
Ölkə üzrə daşıyıcılıq göstəricisi 4 % təşkil edir
"Talassemiya daşıyıcılarının dispanser qeydiyyatı aparılmır, çünki daşıyıcılar sağlam şəxslər hesab olunur. 2015-ci ildən etibarən yeni ailə quran şəxslərin talassemiya daşıyıcılığına görə müayinəsi həyata keçirilir və aparılan müayinələrin nəticələrinə əsasən ölkə üzrə daşıyıcılıq göstəricisi təxminən 4 % təşkil edir".
300 nəfər gözləmə siyahısındadır
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına əsasən, hazırda təxminən 300 nəfər talassemiyalı pasiyent sümük iliyi transplantasiyası üçün gözləmə siyahısındadır:
"Cari ildə Milli Hematologiya və Transfuziologiya Mərkəzində 14 nəfərə sümük iliyi transplantasiyası icra olunub. Onlardan 6 nəfəri talassemiya diaqnozu olan pasiyentlərdir".
Qeyd edilib ki, 2024-cü ildə donor tapılmayan bir qrup pasiyentin müalicəsi məqsədilə xaricdə transplantasiya imkanlarından istifadə olunub.
"2025-ci ildə isə Türkiyənin Anadolu Sağlıq Mərkəzində 34 nəfərə sümük iliyi transplantasiyası icra edilib. Ümumilikdə, pasiyentlərin müalicə imkanlarının genişləndirilməsi istiqamətində həm ölkədaxili, həm də beynəlxalq əməkdaşlıq davam etdirilir.
Səhiyyə Nazirliyi tərəfindən talassemiyanın profilaktikası, erkən aşkarlanması və müasir müalicə üsullarına çıxışın artırılması istiqamətində tədbirlər ardıcıl şəkildə həyata keçirilir".
Xatırladaq ki, bu gün - 8 may bütün dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir.