BAKI, 18 mart. TELEQRAF

Cari ilin fevral ayında televiziya kanallarının aparıcıları tərəfindən Azərbaycan dilində qarşılığı olan xarici sözlərdən istifadə sayında ciddi azalma müşahidə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, 15 televiziya kanalının aparıcıları tərəfindən dekabr ayında xarici sözlərdən 1366, yanvar ayında 1460 istifadə halı müəyyən olunubsa, fevral ayında bu say 864-ə düşüb.

"Audiovizual Şura keçən ilin sonlarından başlayaraq ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının efirində xarici sözlərin istifadəsi ilə bağlı monitorinqlər aparır. Monitorinqlər AMEA-nın Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilində qarşılığı mövcud olan xarici kəlmə kimi təsdiq olunmuş 40-a yaxın sözün 15 televiziya kanalının aparıcıları tərəfindən istifadəsini müəyyən edir.

Cari ilin yanvar ayında televiziya yayımçılarının məsul şəxsləri ilə keçirilən görüşdə aparılan monitorinqlərin dekabr ayı üzrə nəticələri yayımçıların diqqətinə çatdırılıb, nəticələrin televiziya yayımçıları tərəfindən ciddi nəzərə alınması tövsiyə olunub.

Növbəti monitorinqlərin nəticələrinə əsasən xarici sözlərdən yersiz istifadə hallarında tendensiyanın azalmayacağı təqdirdə inzibati tənbeh tədbirlərinin tətbiq ediləcəyi qeyd olunub".