BAKI, 17 mart. TELEQRAF

Martın 17-də Xocalı şəhərində Novruzun müjdəçisi olan Torpaq çərşənbəsi münasibətilə böyük bayram tonqalları yandırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xiidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, Xocalı şəhərinin mərkəzində, eləcə də köç həyata keçirilən kəndlərdə, o cümlədən Xocalınln Şuşa kəndində sakinlər bir araya gələrək, bayram tonqalları ətrafında toplaşıblar.Doğma torpaqlarına qayıdan insanlar Torpaq çərşənbəsini xüsusi sevinc və qürur hissi ilə qeyd ediblər.Tonqal ətrafında toplaşan sakinlər bir-birini bayram münasibətilə təbrik edib, Novruz ənənələrini yaşadıblar. Səsləndirilən musiqi nömrələri və bayram ovqatlı çıxışlar tədbirə xüsusi rəng qataraq insanlarda yüksək əhval-ruhiyyə yaradıb.

İllər sonra doğma yurdlarında yandırılan bu tonqallar torpağın dirçəlişinin, həyatın yenidən qayıdışının rəmzi kimi sakinlərə böyük sevinc bəxş edib. Xocalıda ucalan bayram tonqalları həm də azad torpaqlarımızda həyatın bərpa olunduğunu göstərən qürurverici mənzərə yaradıb. Sakinlər bildiriblər ki, bu gün doğma yurdlarında Torpaq çərşənbəsini qeyd etmək, onlar üçün ən böyük xoşbəxtlikdir. Bayram tonqalları ətrafında yaşanan sevinc və birlik hissi isə Novruzun gətirdiyi ümid, dirçəliş və vətən sevgisinin parlaq təcəssümünə çevrilib.