BAKI, 17 mart. TELEQRAF
Ağdamda ilk dəfə Torpaq çərşənbəsi tonqalı yandırılıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdam şəhərində uzun fasilədən sonra ilk dəfə olaraq Torpaq çərşənbəsi münasibətilə tonqal qalanıb. Bu əlamətdar hadisə illərlə işğal altında qalmış şəhərdə həyatın yenidən canlandığını nümayiş etdirir. 2026-cı ildə Novruz bayramı ərəfəsində Ağdamda bütün çərşənbələr qeyd olunmağa başlayıb.
Xüsusilə torpaq çərşənbəsinin keçirilməsi şəhərə qayıdan sakinlər üçün böyük mənəvi əhəmiyyət daşıyıb.
Tədbir zamanı şəhər ərazisində tonqal qalanıb, iştirakçılar bayram ənənələrinə uyğun olaraq tonqal ətrafında toplaşıb, milli musiqilər səsləndirilib və qədim adətlər yaşadılıb. Sakinlər bu günü həm sevinc, həm də qürur hissi ilə qeyd ediblər.
Qeyd edək ki, Ağdamda Novruz çərşənbələrinin bərpası “Böyük Qayıdış” prosesinin mühüm tərkib hissəsi hesab olunur. Bu cür tədbirlər şəhərin sosial həyatının yenidən qurulduğunu və milli-mədəni dəyərlərin yaşadıldığını bir daha təsdiqləyir.