BAKI, 12 mart. TELEQRAF

Xroniki böyrək xəstəliyinin son mərhələsində xəstələrə dializ müalicəsi və ya böyrək transplantasiyası tövsiyə olunur.

Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Hikmət İsmayılov açıqlayıb.

O bildirib ki, böyrək əvəzləyici müalicəyə başlanması bəzən illər tələb edə bilər.

"Müasir tibbdə xəstənin yaşı, cinsi, çəkisi, irqi və qanda kreatinin səviyyəsi nəzərə alınaraq böyrəklərin funksional fəaliyyəti hesablanır və xəstəliyin mərhələsi müəyyən edilir.

Bu göstərici 15-dən aşağı olduqda dializ və ya transplantasiya tövsiyə olunur. Göstərici 15–30 arasında olduqda isə dializ üçün damar yolu yaradılması və ya böyrək transplantasiyasına hazırlıq işlərinə başlanılır", - o əlavə edib.

H. İsmayılov hemodializ müalicəsində yalnız dializ proseduru deyil, həm də pəhriz və dərman müalicəsinin mühüm əhəmiyyət daşıdığını deyib:

"Dializ xəstələri üçün pəhrizin əsas prinsiplərinə proteinlə zəngin qidaların istifadəsi, xörək duzunun, kalium və fosforla zəngin qidaların məhdudlaşdırılması, eləcə də maye balansının sidik ifrazına uyğun tənzimlənməsi daxildir.

Pəhriz və dərman müalicəsi müntəzəm aparılan laborator müayinələrin nəticələrinə əsasən fərdi qaydada tənzimlənir".