Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri XX əsrin qanlı faciələrindən olan Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat verib.
Bəyanatda deyilir:
"Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dinc mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin ən dəhşətlisidir. Bu qətliamdan bir neçə gün əvvəl - 1992-ci ilin fevralın 17-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində yerli azərbaycanlı əhalini kütləvi qırğına məruz qoymuş və öz cinayətlərini misli görünməmiş qəddarlıqla davam etdirərək, fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərində soyqırımı törətmişlər. Ağır hərbi texnikanın tətbiqi ilə davam edən qırğınlar nəticəsində Xocalı şəhəri tamamilə dağıdılaraq yerlə-yeksan edilmiş, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər azərbaycanlı öz milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmişdir.Ağlasığmaz qəddarlıqla 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Qəddar ekstremistlər insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, insanları diri-diri torpağa basdırmış və ya yandırmış, meyitlərin üzərində vəhşi həqarətlər etmişlər. Sağ qalanlar içərisində 487 dinc sakin ağır yaralar nəticəsində əlil olmuşdur. 1275 nəfər girov götürülən vətəndaşlardan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.
Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi əsassız ərazi iddiaları və təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərininin 20%-i 30 ilə yaxın işğal altında saxlanılmış, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti, fiziki və mənəvi terror həyata keçirilmiş, bir milyondan artıq insan Ermənistandakı və Azərbaycanın Qarabağ bölgəsindəki öz ata-baba torpaqlarından qovularaq qaçqın və məcburi köçkün məşəqqətini yaşamağa vadar edilmiş, onların insan hüquqları kobud şəkildə pozulmuş, yüzlərlə şəhər və kənd, Azərbaycan xalqının qədim və zəngin mədəni irsi dağıdılaraq talan edilmişdir.
Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan müqəddəs Vətən Müharibəsində Azərbaycan beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq əzəli torpaqlarını 30 illik işğaldan qurtardı, dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. 2023-cü ilin sentyabrında antiterror əməliyyatı nəticəsində separatçı rejimə son qoyuldu, Azərbaycanın suverenliyi tam bərpa olundu.
Dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik ki, Ermənistan işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasəti ilə yanaşı, həm də 30 illik işğal zamanı Azərbaycanın dini-mədəni və tarixi irsinə qarşı hərbi cinayətlər və vandalizm aktları həyata keçirmişdir. Həmin ərazilərdə yerləşən məscidlər və digər dini məbədlər, qəbristanlıqlar erməni vandalizminə məruz qalmış, rus pravoslav və qədim Alban xristian kilsələrinin mənşəyinin dəyişdirilməsi siyasəti həyata keçirilmişdir. Erməni ekstremistləri tərəfindən bölgədə işğaldan əvvəl rəsmi qeydiyyatda olmuş 67 məsciddən 65-i tamamilə dağıdılmış, məscidlər tövləyə çevrilmiş, orada İslamda haram buyurulan heyvanları saxlayaraq bütün İslam aləminin heysiyyətini açıq-aşkar təhqir etmişlər. İşğaldan azad edilmiş ərazilərimizə müşahidəçi missiyası ilə gələn xarici qonaqlar bu yerləri “Qafqazın Xirosiması”, “ruhlar şəhəri” adlandırırlar. İşğalçılar Azərbaycan torpaqlarını tərk edərkən həmin ərazilərdə “yandırılmış torpaq” siyasəti tətbiq etmiş, yüz minlərlə mina yerləşdirmişlər. Müharibədən sonra erməni dini liderləri revanşist bəyanatlarla öz xalqını region üçün son dərəcə zəruri olan sülhə deyil, yeni müharibəyə çağırırlar. Ermənistanla Azərbaycan arasında sülh prosesində müsbət dinamika artdığı zamanda erməni kilsəsinin başçıları beynəlxalq qurumlara və dini təşkilatlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın guya xristian abidələrini məhv etməsi barədə yalançı və böhtan xarakterli dezinformasiyalar yayır, Qarabağda Ermənistanın törətdiyi vandalizmdən diqqəti yayındırmaq məqsədilə əsl həqiqətləri pərdələməyə çalışırlar.
Biz uzun illər ərzində bütün tərəqqipərvər ictimaiyyətə müraciət edərək Xocalı soyqırımına biganə qalmamağa və bu dəhşətli faciəni törədənlərin mühakimə olunması üçün öz səslərini ucaltmağa çağırmışıq. Beynəlxalq təcrübə göstərir ki, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi əksər hallarda ayrı-ayrı dövlətlərin imkanlarını aşan mürəkkəb hüquqi və siyasi prosesdir. Qarabağ Zəfərinin ardınca Qarabağda erməni separatçı rejim rəhbərləri, əli Azərbaycan xalqının qanına bulaşmış terrorçular, o cümlədən, Xocalı qatilləri Azərbaycan məhkəməsi və Azərbaycan xalqı qarşısında cavab verir, layiq olduqları cəzaya məhkum olunurlar. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması, Xocalı cinayətkarlarının layiqli cəza almaları Azərbaycan xalqının haqlı tələbidir. İnsanlıq əleyhinə müharibə cinayətləri törətmiş şəxslərin mühakiməsi ümumbəşəri ədalətin təntənəsidir və beynəlxalq ictimaiyyət bu prosesə dəstək nümayiş etdirməlidir.
Xocalı faciəsinin 34-cü ildönümündə faciənin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Bu gün Xocalı şəhəri yenidən inşa olunur, mənəvi adidələrimiz yenidən qurulur, Xocalı sakinləri öz doğma yurdlarına qayıdır. Lakin Xatın, Gernika, Sonqmi və buna bəzər insanlıq faciələrinin günahsız qurbanları kimi Xocalı qurbanlarının da ah-naləsi qəlblərimizdən silinmir, günahsız uşaq, qadın, qocaların qırılmış taleləri unudulmur. Dünya bir daha belə faciələri yaşamasın deyə bu faciələr unudulmamalı, beynəlxalq səviyyədə qınanılmalı və günahkarlar layiqli şəkildə cəzalandırılmalıdırlar.
Azərbaycan hal-hazırda bölgənin, o cümlədən, Ermənistanın da rifahına xidmət edə biləcək iqtisadi layihələrlə çıxış edir. Azərbaycan və Ermənistan rəhbərliklərinin sülh istiqmətində real addımlar atdıqları bir zamanda dünya ictimaiyyəti Ermənistanın bəzi siyasi və dini dairələrinin erməni xalqını yeni müharibələrə, nifrətə, işğalçılığa, separatçılığa səsləyən bəyanatlarına, irqçi çağırışlarına göz yummamalıdır.
Azərbaycandakı dini konfessiyalar regionumuzda hər hansı hərbi aqressiyaya, müharibə və nifrət çağırışlarına, dini və etnik dözümsüzlüyə, revanşizm meyillərinə son qoyulmasına, dövlətlər və xalqlar arasında mehriban qonşuluğun, sülhün və əmin-amanlığın bərqərar edilməsinə tərəfdar olduğunu bəyan edirlər. Biz bir daha dünya dini liderlərini, beynəlxalq təşkilatları, parlamentləri və dünya ictimaiyyətini bu uca məqsədlər naminə birgə səylər göstərməyə dəvət edirik.
Qoy Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!"