BAKI, 25 fevral. TELEQRAF

“2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əhatə etdiyi 9 elmi tədqiqat institutunda, regionlarda yerləşən 2 elmi bölmədə və 2 regional elmi mərkəzdə elmi tədqiqat işi yerinə yetirilib”.

Teleqraf xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Akademiyanın Ümumi yığıncağında səsləndirib.

O bildirib ki, son illərdə Nobel mükafatına layiq görülmüş işlərin demək olar ki, hamısının kollektiv tədqiqatlardan ibarət olduğunu nəzərə alsaq, elmdə beynəlxalq əməkdaşlığın nə qədər aktual və zəruri olduğunu görə bilərik:

“Monoqrafiyaların və məqalələrin sayına görə respublika üzrə rekord göstəricilərə malik olan Akademiyada təəssüf ki, yüksək reytinqli impakt faktorlu məqalələr baxımından keçən illə müqayisədə irəliləsək də, göstəricilərimiz çox da ürəkaçan deyil. Akademiyanın elmi bölmələrinin rəhbərləri, elmi tədqiqat institutlarının direktorları bu sahədə ciddi dönüş yaratmaq üçün çox çalışmalıdırlar”, – AMEA rəhbəri vurğulayıb.