BAKI, 23 fevral. TELEQRAF

2025-ci il ərzində qan donorlarının sayı bir qədər də artıb.

Bunu Teleqraf-a müsahibəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev deyib.

O bildirib ki, ötən il qan donorlarının sayı 133 892 nəfər təşkil edib.

"Son illərdə qan donorluğu göstəricilərində davamlı müsbət dinamika müşahidə olunur. 2023-cü il ərzində 93 min, 2024-cü il ərzində 124 148 nəfər qan verib. 2025-ci ilin nəticələri də göstərir ki, əvvəlki illərlə müqayisədə ölkə üzrə qanvermə prosesində faiz nisbətində artım tendensiyası qorunub saxlanılıb", - o əlavə edib.

E. Nağıyev bu artımın bir neçə mühüm amillə bağlı olduğunu deyib:

"Bunlar könüllü donor bazasının genişlənməsi, regionlarda mobil aksiyaların sayının artırılması, dövlət və özəl sektorla əməkdaşlığın gücləndirilməsi, eləcə də cəmiyyətdə qan donorluğu mədəniyyətinin daha da inkişaf etdirilməsidir.

Burada xüsusi vurğulamaq istərdim ki, qan xidmətinin uğuru təkcə toplanan qanın həcmi ilə ölçülmür. Könüllü donorların payı, daimi donorların sayının artması, toplanan qanın keyfiyyəti və təhlükəsizliyi, ehtiyatların davamlılığı da əsas meyarlardandır. Məhz bu meyarlar baxımından 2025-ci il əvvəlki illərlə müqayisədə daha müsbət nəticələrlə yadda qalıb".