BAKI, 23 fevral. TELEQRAF
"Strateji inkişaf planlarına uyğun olaraq yaxın vaxtda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda Respublika Qan Bankının regional bölmələrinin açılması nəzərdə tutulur".
Bunu Teleqraf-a müsahibəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə səhiyyə xidmətlərinin, o cümlədən qan xidmətinin təşkili prioritet istiqamətlərdən biridir.
"Bu bölmələrin yaradılması bir neçə mühüm məqsədə xidmət edəcək. Yerli əhali qan donorluğuna cəlb ediləcək. Bölgədə daimi qan ehtiyatı formalaşdırılacaq, tibb müəssisələrinin ehtiyacları daha operativ şəkildə qarşılanacaq, hərbi və mülki səhiyyə strukturları ilə koordinasiya gücləndiriləcək.
Eləcə də fövqəladə vəziyyətlər zamanı operativ tibbi dəstək təmin olunacaq. Regional bölmələr tam fəaliyyətə başlayana qədər Respublika Qan Bankı tərəfindən bu ərazilərdə xidmətlərin fasiləsiz təşkili üçün müvəqqəti, effektiv mexanizmlər tətbiq olunur", - E. Nağıyev vurğulayıb.