BAKI, 22 yanvar. TELEQRAF
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qılman İlkin küçəsinin illərdir təmir olunmaması, yolun bərbad vəziyyəti sakinlərin səbir kasasını daşdırıb.
Bu barədə Teleqraf-a danışan yerli sakinlər indiyədək əraziyə asfalt çəkilməməsindən şikayətçidirlər.
Onların sözlərinə görə, küçə payız və qış aylarında həmişə bu vəziyyətdə olur.
"Ərazidə əhali çox yaşayır, üstəlik məktəb yoludur. İlin əksər vaxtı belə halla qarşı-qarşıya qalırıq. Gölməçə, nəmişlik, yolun keçilməzliyi bizi cana doydurub. On ildən çoxdur ki, gözləyə-gözləyə qalmışıq", - sakinlərdən biri deyir.
Digər sakin əlavə edir ki, yay aylarında toz-torpaqdan nəfəs almaq olmur: "Uşaqlar məktəbə gedəndə çox əziyyət çəkirlər, maşınlar da tez-tez xarab olur".
Bildirilib ki, məsələ ilə bağlı dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət edilib, amma nəticə yenə də göz qabağındadır.
Xəzər Rayon İcra Hakimiyyətindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, yağış və tullantı sularının toplanması, təmizlənməsi, təkrar istifadəsi, kənarlaşdırılması sahəsində fəaliyyətin tabeliyindəki qurum vasitəsilə həyata keçirilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) vəzifələrinə aid edilib.
"Bizim tərəfimizdən Agentliyə ünvanlanmış məktuba cavab olaraq bildirilib ki, Xəzər rayonu ərazisində yerləşən yaşayış məntəqələrində kanalizasiya sisteminin qurulması məqsədilə layihə sənədləri hazırlanıb. Kanalizasiya sisteminin tikinti-quraşdırma işlərinin icrası Dövlət İnvestisiya Proqramı çərçivəsində mərhələlərlə həyata keçiriləcək", - qurumdan bildirilib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, su və kanalizasiya təchizatı mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə şəbəkələrin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb.
Məlumata görə, layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir.
"Yaşayış məntəqələrində, həmçinin sözügedən ünvanda da tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.
Həmçinin hazırda Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyici qurğunun, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində tikinti-quruculuq işləri icra olunur", - məlumatda qeyd olunub.
Teleqraf yolun görüntülərini təqdim edir:
.jpg)
.jpg)