BAKI, 19 yanvar. TELEQRAF
Bir müddət əvvəl “Bakı Metropoliteni”nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli müsahibəsində bildirmişdi ki, məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan differensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər. Yəni metroda gediş haqqı məsafəyə görə formalaşa bilər.
Maraqlıdır, belə bir modelə keçid yaxın gələcəkdə tətbiq oluna bilərmi? Bu halda qiymətlər necə tənzimlənəcək? Ümumiyyətlə, metroda gediş haqqı onun maya dəyəri ilə müqayisədə necədir?
.jpg)
Cəmiyyəti də ciddi narahat edən mövzu ilə bağlı ətraflı şərh üçün “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanladıq. Qurumdan Teleqraf-a bildirilib ki, hazırda "Bakı Metropoliteni"ndə differensial tarif mexanizminə keçidlə bağlı təhlil və qiymətləndirmə işləri aparılır.
Məlumata görə, bu mərhələdə tarif differensiyasının zamana, yoxsa məsafəyə görə tətbiq olunacağı ilə bağlı yekun qərar qəbul edilməyib.

Gələcəkdə zəruri dəyişikliklər həyata keçiriləcək
“Hazırda ictimai nəqliyyatda vahid tarif modeli tətbiq olunur. Təhlil mərhələsində hər hansı fiziki infrastruktur dəyişiklikləri nəzərdə tutulmur".
Qeyd olunub ki, əhalinin alıcılıq qabiliyyəti, sərnişindaşımanın əlçatanlığı, eləcə də metroda daşımaların maya dəyəri nəzərə alınmaqla daha ədalətli və iqtisadi cəhətdən balanslı tarif modelinin formalaşdırılması istiqamətində analitik işlər aparılır və müvafiq təkliflər hazırlanır.
Araşdırmaların nəticələrindən asılı olaraq gələcəkdə zəruri dəyişikliklərin həyata keçirilməsi mümkün ola bilər və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək”, - məlumatda qeyd olunub.
Metronun tarif sistemindən daha böyük problemləri var
Texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov Teleqraf-a açıqlamasında deyib ki, yeni modelə keçid yaxın vaxtlarda olmayacaq:
“Əlbəttə, müəyyən işlər görülməlidir. Amma unutmamalıyıq ki, metronun tarif sistemindən daha böyük problemləri var. Məsələn, keyfiyyətli daşıma...Onu həll etdikdən sonra tarif məsələsinə keçid etmək olar".

Ekspert məsafəyə görə ödəniş sistemin bir neçə formada ola biləcəyini deyib.
“Bir varianta əsasən hər bir şəxs gedəcəyi məsafəni bilir və ona uyğun kart sistemində özünə proqram yaradır. Digər variant olaraq isə sərnişinin nə qədər yol getdiyi çıxışda qeyd olunur. Belə bir sistem üçün xüsusi proqramlar mövcuddur".
Onun sözlərinə görə, Azərbaycanda metro bəzi ölkələrlə müqayisədə kiçikdir.
"Bu səbəbdən ölkəmizdə sistemi nizamlamaq daha rahat olacaq. Amma proqram tərtib olunmadan sistemi tətbiq etmək çətindir.
Bəzi ölkələrdə məsafəyə görə tarif sistemi işlənilir. Məsələn, Dubayda. Orada metro sistemi bir-biri ilə əlaqəli formadadır və dairəvi sistemdir.
Bizdə bir xəttdir, məcburiyyətdən bir xətt axıra kimi davam edir. Amma dairəvi sistem olduqda bir stansiyadan çıxıb başqa stansiyaya keçmək rahat olur. Ölkəmizdə dairəvi sistem işləmədiyi və müəyyən mexanizmlər tətbiq olunmadığı üçün düşünürəm ki, bu sistemin tətbiqi yaxın zamanlarda baş tutmayacaq”.
F.Eyyubov qeyd edib ki, metronun istismar və əsaslı qoyuluş xərclərini nəzərə alınarsa maya dəyəri gəlirdən 2-3 dəfə artıq olacaq.
"Maya dəyərinə görə bir insanı daşıma haqqı indiki vəziyyətdə bahadır. Bu, dövlət tərəfindən buraya qoyulan əlavə vəsait hesabına ödənilir.
Bir metrostansiyanın açılması böyük vəsaitlər hesabına başa gəlir. İstismar xərcləri isə bir az aşağıdır.
Metro sərnişinlərdən alınan gəlirlər hesabına ayaqda qala, inkişafı edə bilməz. Buna görə də metro özəlləşmir, dövlət tərəfindən təmin olunur. Dövlət nəzarəti altında olan daşınma olduğu üçün dəqiq vəsaiti də müəyyən etmək olmur”, - o vurğulayıb.
Gediş haqqına gəlincə, ekspert bildirib ki, artımın dəqiq nə vaxt olacağı məlum deyil.
"Amma fikrimcə, tarif sisteminə görə artım həmişə qüvvədədir. Çünki gediş haqqı heç vaxt aşağı düşmür, əksinə artır. Artım olduqda isə yumşaq modeldə, əhaliyə təsir etməyəcək şəkildə 5-10 qəpik olur”.