Magistraturaya qəbul imtahanının (I cəhd) fevralın 15-də keçirilməsi nəzərdə tutulur.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaqdır.
İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.
Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır. Qeyd edək ki, tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticə 2 baldan az olmamalıdır. Tədrisi Azərbaycan və ya rus dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticəyə bal məhdudiyyəti qoyulmur.
Müsabiqə şərtləri və qəbul elanının tam mətni «Magistr» jurnalının 2-ci sayında dərc olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.