BAKI, 7 yanvar. TELEQRAF
2019-cu ildə təlim-məşq uçuşu zamanı qəzaya uğrayaraq şəhid olan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günü münasibətilə anım mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusu Hərbi Memorial Məzarlığını ziyarət edərək şəhidin məzarına gül dəstələri düzüb, onun xatirəsini ehtiramla yad ediblər. Mərasimdə şəhidin həyat yoldaşı Könül Atakişiyeva, ata-anası, yaxınları iştirak ediblər.

Şəhidin atası Saləddin Atakişiyev bildirib ki, o uşaqlıqdan cəsarəti və bacarığı ilə seçilirdi:
“Rəşad uşaqlıqdan çox qoçaq idi. Onun əlindən gəlməyən iş yox idi. Seçdiyi peşəsini dərindən bilən, işinə ürəklə bağlı insan idi. Bu yolda da şəhidlik zirvəsinə ucaldı. Pilot olmağına marağı hələ məktəb illərindən yaranmışdı. Mən Belarusun Minsk şəhərinə tez-tez gedirdim. O vaxt Rəşad 10-11-ci siniflərdə oxuyurdu. Hər dəfə orada pilot məktəbinin qarşısından keçərkən həmin gəncləri görüb qürurlanırdım. Evə qayıdanda ona da danışırdım. Düşünürəm ki, bəlkə də bu söhbətlər onun seçimində rol oynadı və nəticədə pilot peşəsini seçdi. Bu sahədə təhsil almaq üçün 200 nəfər müraciət etmişdi, onlardan 34-ü seçildi, 5 nəfər diplom ala bildi. Rəşad peşəsinə sadiq, onu mükəmməl bilən insan idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Şəhidin qayınatası, politoloq Qabil Hüseynli Rəşad Atakişiyevin xidmət yolundan danışıb:
“Şəhid Rəşad Atakişiyev Azərbaycan Hərbi Qüvvələrinin ən şanlı və qoçaq döyüşçülərindən biri idi. O, qısa müddətdə böyük döyüş yolu keçmişdi. 2014–2016-cı illərdə düşmənə qarşı aparılan döyüşlərdə iştirak edib, eyni zamanda xidmət etdiyi hərbi hissədə komandanın müavini kimi çalışıb. O, mürəkkəb pilotaj uçuşlarının həyata keçirilməsində ən nümunəvi zabit idi. Boş vaxtlarında hərbi hissəyə yeni gələn gənc əsgər və pilotlara mürəkkəb uçuş pilotajlarını öyrədirdi”.

Qabil Hüseynli qeyd edib ki, daim öz üzərində çalışan, sakit təbiətli və mütaliəyə xüsusi önəm verən zabit olub: “Rəşad F-16 tipli döyüş təyyarələrinin idarə edilməsi üzrə təlimlərdə də iştirak edib. Türkiyə ilə Azərbaycan arasında keçirilən döyüş qardaşlığı yarışlarında ilk dəfə F-16 təyyarəsinin sükanı arxasında əyləşərək onu idarə edə bilmişdi. O həmişə oxuyurdu, demək olar ki, əlindən kitab düşmürdü. Amerika təyyarələrini belə oxuyub, öyrənirdi. Rəşad sənətini və Vətənini çox sevirdi. Vətən uğrunda ölümə getdi, ölümün gözünə dik baxdı. Mən əminəm ki, onun iki oğul övladından hansısa Rəşadın yerini tutacaq. Onlar dərslərini çox yaxşı oxuyurlar. Gələcəkdə hansı peşəni seçəcəklərini zaman göstərəcək, onların xarici ölkələrdə yüksək peşəkar təhsil almaq niyyətləri var”.

Qeyd edək ki, Rəşad Atakişiyev 7 yanvar 1985-ci ildə Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərib və polkovnik-leytenant hərbi rütbəsinə qədər yüksəlib. O, Azərbaycan Hərbi Hava Qüvvələrinin ən peşəkar pilotlarından biri olub.
