BAKI, 24 dekabr. TELEQRAF
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb.
Teleqraf xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, onlardan 36-sı qız, 24-ü oğlandır. Həmçinin 28 nəfəri 6 yaşadək olan, 26 nəfəri 7-13 yaş arası, 6 nəfəri 14-18 yaş arası uşaqlardır.
"Uşaqlardan 31-i hazırda Bakı şəhərindəki, 29-u rayonlardakı ( Ağcabədidə 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 3, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Astarada 1, Zərdabda 1, Oğuzda 3, İmişlidə 1 ailə) himayədar ailələrdə yaşayırlar.
Qanunvericiliyə uyğun olaraq nazirliklə uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.
“Himayədar ailə” qayğı modeli uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biridir. Valideyn himayəsindən məhrum olmuş uşaqların himayədar ailələrə verilməsi onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına xidmət edir", - məlumatda qeyd olunub.