BAKI, 5 dekabr. TELEQRAF
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində yerləşən ərzaq bazarlarında nəzarət tədbirlərini davam etdirir. Bu çərçivədə Qazax, Cəlilabad və Astara rayonlarında fəaliyyət göstərən ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə riayət olunması ilə bağlı növbəti monitorinqlər həyata keçirilib.
Bu barədə Teleqraf-a AQTA-dan məlumat verilib.
Aparılan nəzarət tədbirləri zamanı xüsusilə yüksək risk qrupuna aid olan məhsulların — balıq, quş əti və digər tez xarab olan qidaların — açıq havada, uyğun olmayan temperatur və gigiyena şəraitində satışa çıxarıldığı müəyyən edilib.
Bundan başqa, satış səthlərinin dezinfeksiya edilmədiyi, məhsullar üzərində etiket məlumatları yerləşdirilmədiyi və soyuducuda temperatur rejiminə riayət olunmadığı və digər nöqsanlar qeydə alınıb.
Nöqsanların aradan qaldırılması məqsədilə bazar sahiblərinə müvafiq göstərişlər verilib. Monitorinq və nəzarət tədbirləri bundan sonra da mütəmadi qaydada davam etdiriləcək.