BAKI, 5 dekabr. TELEQRAF
Türk Dövlətləri Təşkilatının üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin ilk iclasının Bakıda keçirilməsindən məmnunluq və qürur hissi keçirirəm. Türk Dövlətləri Təşkilatı artıq dünya miqyasında xüsusi rola malikdir, üzv ölkələr arasında siyasi, iqtisadi, sosial, habelə türk irsi və mədəni əlaqələri daha da dərinləşir.
Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O bildirib ki, iclas ölkələrimizdə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən tarixi hadisədir.
Nazirin sözlərinə görə, bu əlaqələrin genişləndirilməsi, Türk dünyasının gücləndirilməsi Azərbaycanın prioritetlərindən biridir:
“Prezident İlham Əliyev qeyd edib ki, “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bizim ailəmiz Türk dünyasıdır. Bu baxımdan, Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da birlik amallarına sadiq qalacaq. Azərbaycan dayanıqlı sosial müdafiə sisteminə malikdir və ölkəmizdə əhalinin sosial müdafiəsi, əmək və məşğulluq sahələrində geniş proqramlar icra edilir, əhalinin rifahı ildən-ilə artır. Azərbaycanda son 6 ildə 5 sosial islahat paketi qəbul edilib, bu islahatlar əhalimizin 40%-ni əhatə edib və ayrılan illik əlavə vəsaitin məbləği 4,5 milyard ABŞ dollarına bərabər oub”.
Anar Əliyev bildirib ki, ölkələrimiz arasında əmək, məşğulluq və sosial məsələlərlə bağlı əməkdaşlığın bundan sonra daha da genişləndirilməsini arzulayır:
“Ölkələrimiz arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini, bu sahədə təcrübə mübadiləsinin aparılmasını dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşməsində olduqca mühüm addım hesab edirəm. Azərbaycanın məşğulluq və sosial müdafiə sahəsində qazandığı təcrübəni və əldə etdiyi uğurları təşkilata üzv dövlətlərlə bölüşməkdə, eləcə də, Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin bu sahədə qazandığı təcrübəni öyrənməyə maraqlı olduğumuzu bildirmək istərdim. Əminəm ki, bugünkü görüşümüzün nəticələri ölkələrimiz üçün daha inklüziv və dayanıqlı sosial inkişaf modelinin yaranmasına töhfəsini verəcək”.