BAKI, 25 noyabr. TELEQRAF
İtkin düşmüş “BUE CASPİAN LTD” şirkətinə məxsus “Caspian Protektor” gəmisində həkim işləyən 33 yaşlı Tural Sultanov ilə bağlı Suraxanı Rayon Prokurorluğunda istintaq gedir.
Bu barədə Teleqraf-a açıqlamasında onun əmisi qızı jurnalist Pərvanə Sultanova məlumat verib.
O bildirib ki, araşdırma davam edir, istintaq son sözünü deməyib.
“Sonuncu dəfə uzaqdan olan kamera görüntüləri göstərilmişdi. İntihar etdiyi deyilmişdi. Ondan sonra ailəyə heç bir məlumat verilmir. Elə istintaqın getdiyi, araşdırma aparıldığı bildirilir. Ailə intihara inanmır və bu versiyanı qəti rədd edir. Çünki inandırıcı görüntülər, faktlar yoxdur”, - o vurğulayıb.
Qeyd edək ki, T. Sultanovun çalışdığı "Leyla Medical Center"a məsələ ilə bağlı 1 aya yaxın vaxtdır sorğu ünvanlanıb.
Xatırladaq ki, təxminən 2 aydır dənizdə itkin düşən Tural Sultanovun yaxınları onun çalışdığı "Leyla Medical Center" ilə bağlı iddialar irəli sürüblər. İtkin düşməzdən bir gün öncə "Leyla Medical Center" ilə danışdığı bildirilib. Klinkadan ailəyə uzaqdan çəkilmiş görüntülər göstərilib, intihar etdiyi iddia olunub.