BAKI, 22 noyabr. TELEQRAF
6 oktyabr 1924-cü ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal paşa Qarsa gəlir. O, vağzalda “Xoş gəlişlər ola, Mustafa Kamal paşa” nəğməsi ilə qarşılanır. Xatirələrdə bu mahnının sözlərini irəvanlı Mirməhəmməd ağanın yazdığı bildirilir.
Türkiyədə Mehmed Türkel kimi tanınan Mirməhəmməd ağa İrəvanda (bəzi qeydlərdə Gümrü) doğulub, bölgənin tanınmış seyid ailələrindən olub. İrəvanlı Həmid Turan onunla bağlı xatirəsində Türkelin sənətə, ədəbiyyata, musiqiyə böyük marağı olduğunu bildirib, Tiflis və Bakıya səyahət etdiyini deyib. Bakıda ikən Türkel bir tar ustasından tarzənlik öyrənib, beləcə musiqiyə olan marağını artırıb. Tədqiqatçı Cumhur Turanın yazdığına görə, Mirməhəmməd ağa onun babası Hüseyn Turanla birlikdə İrəvanda gələcəkdə böyük sənətkar olacaq Bülbülün ifasını dinləyiblər. Mustafa Mərdanov xatirəsində tarzən Məşədi Cəmil Əmirovla Bülbülün İrəvanda konsert verməsinin tarixini 1916-cı il olaraq qeyd edib.
Ehtimal ki, ermənilərin bölgədəki zülmlərindən qaçan bu ailə 1917-18-ci illərdə Qarsa keçiblər. Qardaşlardan Mirməhəmməd və Miribrahim ağalar Türkel soyadını, Mirfətulla ağa isə Yalçınkaya soyadını götürüb. Görünür, Mirməhəmməd ağa Qarsda da həvəskar şəkildə yaradıcılıqla məşğul olub.
Qarsda fəaliyyət göstərmiş azərbaycanlı aktyor Səttar Güldür Mustafa Kamal paşanın gəlişini bu şəkildə xatırlayırdı: “Vağzalda böyük bir tünlük və coşqu vardı. “Türk Ocaqları Təmsil və Musiqi Qolu” olaraq paşanı “Xoş gəlişlər ola, Mustafa Kamal paşa” marşıyla qarşıladıq. Azərbaycan türklərindən Mehmet Türkel bəy tərəfindən böyük öndərə ithaf edilən bu əsər daha sonra Türkiyənin hər köşəsində sevgiylə oxundu. Eyni gün “Qars Türk Ocağı” şöbəsinə gələn Mustafa Kamalı bu səfər sözləri Azərbaycanın böyük şairi Əhməd Cavad bəyə, bəstəsi Üzeyir Hacıbəyliyə aid olan “Çırpınırdın Qara dəniz, baxıb Türkün bayrağına” mahnısıyla qarşıladıq. Axşam yeməyindən sonra “Türk Ocağı Təmsil və Musiqi Qrupu”nu hüzuruna çağırdı. Rəhbərimiz Həmid Ersöz bəy gözləri yaşararaq etdiyi həssas çıxışının ardından Mustafa Kamal fəaliyyətimizdən məmnun olduğunu və “Şeyx Şamil” oyununu izləmək istədiyini buyurdu. Dağıstanlı Adil və Mirzə bəylər Qazinin istəyi üzərinə düz 3 dəfə bu oyunu oynadılar. Qısa bir müddət sonra Mustafa Kamal paşa tərəfindən Ankaraya çağırıldıq. Karpiç səhnəsində Atamızın və məiyyətinin hüzurunda “Arşın mal alan” operettasından qısa bir bölüm və Azərbaycan folklorundan və musiqisindən nümunələr təqdim etdik”.
.jpg)
Tədqiqatçı Ələşrəf Uzundərə də nəğmənin sözlərini irəvanlı şair Mirməhəmmədin (Mehmed Türkel) qələmə aldığını, musiqisini isə xalıçı Hümmət ağa, Molla Musa kəndindən Tağı bəy və qarmonçalan Mehmed oğlu Seyidin bəstələdiyini yazıb.
İrəvandan köçən bu ailədən musiqi fəaliyyətini Miribrahim Türkelin (1894, İrəvan – 1964, Ankara) övladları davam etdirib. Tevfik, Firidun və Vahid Türkel qardaşları həm Qarsda, həm də Ankarada Azərbaycan gecələrində musiqi ifa ediblər. Cumhur Turan onların bu fəaliyyəti haqqında İstanbulda çıxan “Serhat Kültür” dərgisində maraqlı məqalə qələmə alıb.
Həmid Turan xatirəsində Mirməhəmməd ağanın “Buxarada bir bəhai gözəli” adlı əsər yazdığını da bildirib. Həmin əsəri İstanbulda bukinistlərdən əldə edib oxuduq. Maraqlı məhəbbət hekayəsindən ibarət olan bu roman Azərbaycan mühacirət ədəbiyyatına daxil edilməlidir.
Şəxsi arxivimizdə isə Mehmed Türkelin Əhməd bəy Ağaoğlunun qızı, Qarsın millət vəkili Tezer Taşkırana göndərdiyi bir məktub da mövcuddur.
Türkel Kitabevi antentli kağızda yazılan və 8 mart 1953 tarixində Qarsda göndərilən məktub Əhməd bəyin oğlu Əbdürrəhmanın qəfil vəfat etməsi ilə bağlı başsağlığıdır:
“Sevgili və əziz qızımız Tezer xanım.

Qardaşınız Əbdürrəhman bəyin acı xəbərini qəzet xəbərlərindən öyrəndiyimiz üçün vaxtında teleqrafla başsağlığı verə bilmədiyimizə üzüldük. Sizi unudulmaz bir kədərə qərq edən bu ələmli xəbər qarşısında ölən cocuğumuzun xəyalı ilə birləşən mütəvəffa qardaşımızı bir an göz önünə alaraq gözlərimiz doldu. Fəqət nə edək ki, təqdirin qolunu bükmək fani qüdrətimizin üstündə olan bir şeydir... Mərhuma Tanrıdan rəhmət diləyir, sizə mətanət, səbir təmənnisilə bəyani-təziyyə eylərəm.
Türkel ailəsi namına M. Türkel”.
Qeyd edək ki, digər ailə fərdlərindən fərqli olaraq siyasətlə məşğul olmayan Əbdürrəhman Ağaoğlu 4 mart 1953-cü ildə qatarda infarkt nəticəsində vəfat edib.
Bu məktubla Mehmed Türkelin Qarsda Türkel Kitab Evini yaratdığını, bir övladını itirdiyini də öyrənirik.
Təəssüf ki, Mehmed Türkel haqqındakı materiallar hələlik bu qədərdir.
P.S. Bu ailə haqqında bizə məlumat verən Cumhur Turana təşəkkür edirik. Məqalədəki şəkillər də ona aiddir.
.jpg)