BAKI, 22 noyabr. TELEQRAF
Azərbaycan Yazıçılar birliyinin üzvü şair, qəzəlxan Arif Buzovnalı vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə yazıblar.
O bu səhər yaşadığı evdə dünyasını dəyişib.
Arif Buzovnalı 6 sentyabr 1972-ci il tarixində Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib.
1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olsa da, təhsilinə başlamadan könüllü olaraq Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər (1994-cü il 1 may) Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb.
Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub. Mütəmadi olaraq dövrü mətbuatda "Azərbaycan gəncləri", "Kaspi", "İki sahil", "Yol", "Olaylar", "Ədəbiyyat qəzeti", "Tək səbir", "Nəbz", "Şəhriyar" və başqa qəzetlərdə, həmçinin "Hikmət", "Kəlam", "Ulduz", "Karvan", "Azərbaycan" jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib.
2003-cü ildə Təbrizdə keçirilən "Şeri-tənz" Beynəlxalq şeir müsabiqəsinin qalibi olub.
2014–2021-ci illərdə Azərbaycan Dövlət Televiziyasında (Aztv) "Məclisi-Üns" verilişinin daimi iştirakçısı olub.
Azərbaycan, Türkiyə, İran, Ukrayna, Rusiyada keçirilmiş bir çox elmi və ədəbi konfranslarda iştirak edib, müxtəlif diplom və mükafatlara layiq görülüb. Şeirləri xarici dillərə tərcümə edilib və müxtəlif ölkələrin mətbuatında çap olunub.
Yeddi kitabı işıq üzü görüb, müxtəlif almanaxlarda əsərləri yer alıb.
Ömər Xəyyam, Sergey Yesenin və Leyla Əliyevadan tərcümələri var.
2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.