AĞCABƏDİ, 21 noyabr. TELEQRAF
Ötən gün Ağcabədidə yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Ağcabədi Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
Bu barədə Teleqraf-ın Qarabağ bürosu xəbər verir.
Bildirilir ki, 20.11.2025-ci il tarixində saat 10:00 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (1-i kişi, 1-i qadın olmaqla) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda 1988-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Xəsarət alan şəxslərdən 1972-ci il təvəllüdlü şəxs (kişi) dərhal əməliyyat edilib.
Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 20.11.2025-ci il tarixində saat 14:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
***
2025.11.20
19:07
Ağcabədidə yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayon Qaradolaq kəndi ərazisindən keçən hissəsində baş verib.
"Qazel" markalı yük maşını hərəkətdə olarkən “VAZ” 21015 markalı minik maşını ilə toqquşub.
Nəticədə “VAZ”ın sürücüsü 1984-cü il təvəllüdlü Vəliyev Orxan hadisə yerində ölüb.
Avtomobildə olan sərnişinlər O.Vəliyevin həyat yoldaşı Vəliyeva Türkan və əmisi oğlu 1972-ci il təvəllüdlü Vəliyev Elsevər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyata götürülən ağır yaralı E.Vəliyev əməliyyatdan sonra xəstəxanada vəfat edib. Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi müvafiq şöbədə davam etdirilir.
Faktla bağlı araşdırma başlanıb