BAKI, 5 noyabr. TELEQRAF
Bəzi rayon mərkəzi xəstəxanalarında tibb heyəti tərəfindən yanvar-sentyabr ayları ərzində 12 296 uşaq icbari dispanserizasiyaya cəlb olunub.
Teleqraf xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq Zaqatala, Biləsuvar, Xocalı və Beyləqan rayon mərkəzi xəstəxanalarının tibb heyəti tərəfindən uşaqların ilkin müayinələri həyata keçirilib.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən 8 000, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən 3 440, Xocalı Rayon Mərkəzi Xəstəxanasının heyəti tərəfindən 773, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən isə 83 uşaq müayinə edilib.
İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər - pediatr, stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər həkimlər tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir.