BAKI, 8 oktyabr. TELEQRAF
Azərbaycanda ilk dəfə bütün alimlərə limitsiz sayda ödənişsiz məqalə dərc etmək imkanı verilib.
Teleqraf xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bununla bağlı Elm və Təhsil Nazirliyi (ETN) və Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin “Cambridge Press” nəşriyyatı arasında razılıq əldə edilib.
Ona əsasən Azərbaycanda fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində “Cambridge Press” tərəfindən nəşr edilən 422 yüksək impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli (Open Access) jurnallarda limitsiz sayda məqalə dərc etmək imkanı əldə edib.
Qeyd edilib ki, “Web of Science” və “Scopus”da indekslənən bu jurnallarda açıq əlyetərli (Open Access) məqalə dərcinin qiyməti minlərlə manat dəyərində ölçülür. Lakin, sözügedən razılıq əsasında Azərbaycanlı alimlər bu ödənişi etmədən öz məqalələrini Kembric Universitetinin jurnallarında dərc edə bilər. Razılaşma, eyni zamanda ölkənin 140 elmi və ali təhsil müəssisəsinə “Cambridge Press” nəşriyyatının jurnallarını müddətsiz oxumaq imkanını təqdim edir.
Xidmətdən istifadə etmək istəyən müəlliflər, “Cambridge Core” (cambridge.org/core/journals) platformasına daxil olaraq müvafiq qaydada yararlana bilərlər.