BAKI, 1 sentyabr. TELEQRAF

Ağdamda uşaqlarına şiddət göstərən valideynlərin valideynlik hüququndan məhrum edilməsi ilə bağlı iddia qaldırılıb.

Bunu Teleqraf-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri sektorunun müdiri Aydın Rəcəbli deyib.

O bildirib ki, ata həbsdədir, istintaq gedir.

"Ana isə evdədir, bacısı ilə birlikdə yaşayır. Biz komitə olaraq istəyirik ki, qadının psixoloji vəziyyəti yoxlanılsın. Məndə olan məlumata görə, müvafiq qurumlar tərəfindən qadının psixoloji durumunun yoxlanılması istiqamətində iş gedir", - qurum rəsmisi vurğulayıb.

Qeyd edək ki, Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən əsaslı araşdırma işləri aparılır.

Uşaqlardan birinin (3 yaşlı) vəziyyəti ağırdır, bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən azyaşlı Ağdam Rayon Xəstəxanasından Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib.

Sosial Xidmətlər Agentliyindən bildirilib ki, hər iki azyaşlı Bakıda körpələr evinə yerləşdiriləcək.

Uşaqların atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.