BAKI, 29 avqust. TELEQRAF

Ağdamda valideynləri tərəfindən döyülən körpələrin vəziyyəti açıqlanıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 2023-cü il təvəllüdlü azyaşlı oğlan uşağının müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

Müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmış yaraları diaqnozları təyin edilən pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub.

Hazırda süni tənəffüs dəstəyi alan azyaşlının vəziyyəti ağırdır.

Ağdam Rayon Mərkəzi Xəstəxanasında profilaktik olaraq həkimlərin müşahidəsi altında saxlanılan 2024-cü il təvəllüdlü azyaşlı oğlan uşağı isə aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, 2023-cü il təvəllüdlü azyaşlı avqustun 27-də saat 16:20 radələrində komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi xidmət göstərilən azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib.