BAKI, 28 avqust. TELEQRAF
Ağdamda valideynlərinin zoraklığına məruz qalan azyaşlılar körpələr evinə yerləşdiriləcək.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, agentliyin əməkdaşları hər iki uşağın vəziyyəti ilə yaxından maraqlanır və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparırlar.
"Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müvafiq tibbi xidmətlər göstərilən azyaşlının müalicə və müayinələri bitdikdən sonra onun körpələr evinə yerləşdirilməsi nəzərdə tutulub.
Həmçinin onun qardaşı, 2024-cü il təvəllüdlü və hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkimlərin müşahidəsi altında saxlanılan digər azyaşlı da Bakı şəhərinə gətirilərək Sosial Xidmətlər Agentliyi tərəfindən müvafiq körpələr evinə yerləşdiriləcək".
Qeyd edək ki, uşaqların valideynləri təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.