BAKI, 11 avqust. TELEQRAF

Daxil olan müraciət əsasında Biləsuvar rayonu, Səmədabad kəndində fəaliyyət göstərən “Turabov” marketdə plandankənar yoxlama keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, market Turabov Əkrəm Turabxan oğluna məxsus olub.

Baxış zamanı müəssisədə 5 ədəd 250 ml-lik “Naturel organic vodka” əmtəə nişanlı araq məhsulunun, həmçinin 3 ədəd 1 lt-lik və 2 ədəd 0.5 lt-lik “Belaya organic vodka” əmtəə nişanlı araq məhsulunun üzərində qeyd olunan VÖEN-in müəyyən olunmaması faktı aşkarlanıb. Eyni zamanda 2 ədəd 2 lt-lik “Vip BAKU organic vodka” əmtəə nişanlı araq məhsulunun üzərində istehsalçısı, istehsal tarixi və ünvanı barədə məlumatların qeyd olunmadığı məlum olub.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutununa təqdim edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkar edilmiş qida məhsullarının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə Qərar qəbul edilib.