BAKI, 8 avqust. TELEQRAF
"Bu gün Bakı Metropolitenində doğulan uşaq 25 yaşına qədər metrodan pulsuz istifadə edə biləcək".
Teleqraf xəbər verir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətinin rəisi Anar Zamanov mətbuata açıqlamasında deyib.
"Bakı Metropoliteni stansiyalarında bir ilk yaşanıb, səhər saatlarında sevindirici hadisə baş verib, bir qadın uşaq dünyaya gətirib. Stansiya əməkdaşlarının operativ müdaxiləsi sayəsində təcili yardım çağırılıb, doğuş uğurla başa çatdırılıb", - xidmət rəisi qeyd edib.
Onun sözlərinə görə, hadisə saat 07:40 radələrində baş verib. Qadına stansiya əməkdaşları dərhal ilkin tibbi yardım göstəriblər və əraziyə çağırılan təcili tibbi yardım briqadası zəruri müdaxiləni həyata keçirib. Ana və körpə saat 08:06-da xəstəxanaya təxliyə olunublar.
"Bakı Metropolitenin kollektivi təkcə texniki təhlükəsizliyə deyil, sərnişinlərin təhlükəsizliyinə də diqqətlə yanaşır. Əməkdaşlarımızın çevik reaksiyası və peşəkarlığı nəticəsində ana və körpəyə vaxtında yardım göstərildi".
O həmçinin əlavə edib ki, ailəyə kiçik hədiyyələr də təqdim olunacaq.
Xatırladaq ki, bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.